24 aprel 2019 12:37
1836

VII Muğam Televiziya Müsabiqəsi davam edir

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri İsmayıllı şəhərində təşkil olunub.

14 iddiaçı ilə davam edən layihənin növbəti yayımında görkəmli mütəfəkkir şair İmadəddin Nəsiminin ölməz irsinə müraciət edilib.

Azərbaycan dövləti və ədəbi ictimaiyyəti Nəsimi irsinin daha dərindən öyrənilməsi, beynəlxalq miqyasda təbliği və bəşəriyyətin mədəni irs xəzinəsinə daxil olması naminə böyük işlər görməkdədir. Elə Prezident İlham Əliyev bu ili “Nəsimi ili” elan edilməsi bunun bariz nümunəsidir.

Müsabiqənin növbəti axşamında Nəsimi poeziyasına bir daha qovuşmaq üçün onun Azərbaycan Radiosunun Qızıl fondunda qorunan görkəmli sənətkar Səməndər Rzayevin ifasında dinlənilən qəzəli musiqili gecəyə xüsusi ovqat bəxş edib. Dinləmələr zamanı muğamları və xalq mahnılarını ürəkaçan ifasında daim dinləyicilərə sevdirmiş unudulmaz xanəndə Vahid Abdullayevin sənəti də xatırlanıb. Onun Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan gözəl ifası təqdim edilib. Sonra rayon mədəniyyət mərkəzinin səhnəsi bir-birindən istedadlı gənc xanəndələrin ixtiyarına verilib.

Onların ifası dəyərli münsiflər heyəti tərəfindən 10 bal sistem üzrə qiymətləndirilib. Layihənin İsmayıllıda təşkil olunan növbəti axşamında Özbəkistanın “Altın miras” ansamblının çıxışı isə gecəyə xüsusi rəng qatıb. İki ildən bir keçirilən Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri AzTV və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.