12 iyul 2019 18:38
503

Vilayət Eyvazov: "Daxili sabitliyin və asayişin qorunması işi uğurla davam etdirilir"

Daxili İşlər Nazirliyində (DİN) 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Prezident  İlham Əliyevin sərəncamları ilə Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsini daxili işlər orqanlarına yüksək etimadın növbəti əyani ifadəsi olduğunu vurğulayıb. 

Cari ilin birinci yarısında respublikada cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin olunmasının vəziyyətindən danışan cənab nazir bu sahədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər orqanlarının qarşısında duran vəzifələrin bütövlükdə yerinə yetirildiyini bildirib. 

Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov və digərləri görülmüş işlər, əldə  olunmuş nəticələr, mövcud nöqsanlar və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər. 

İclasa yekun vuran nazir Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib. 

Sonra Azərbaycan Polisinin 101 illik yubileyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.