17 sentyabr 2019 10:27
4236

Vitiliqo nədir, müalicəsi varmı?

Vitiliqo xarici dərinin rəngsizləşməsi nəticəsində yaranan ağ ləkələrlə xarakterizə olunan bir dəri xəstəliyidir. Müasir tibb vitiliqonu lazımi müalicə tətbiq edildikdə sağalan bir xəstəlik kimi görür.

Dəridə piqment əmələ gətirən, bununla da dəriyə rəng verən melanosit hüceyrələri var. Müxtəlif səbəblərdən bu melanositlərin zərər görməsi nəticəsində piqment əmələ gəlməsi dayana bilər. Piqment çatışmazlığı nəticəsində də dəridə səpələnmiş və yamaqlı haşiyələri olan ağ sahələr (ləkələr) əmələ gəlir. Süd kimi diqqətə çarpacaq qədər bir ağlıqdır. Bu ləkələrin ölçüləri fərqlidir.

Vitiliqo necə əmələ gəlir?

Dediyimiz kimi, vitiliqonun ortaya çıxmasının səbəbi dəriyə rəng verən melanosit hüceyrələrinin azalması səbəbindən piqment istehsal edə bilməməsidir.

Bu hüceyrələrin niyə azaldığı dəqiq bilinməsə də, bəzi nəzəriyyələr ortaya çıxıb.

Genlərdə bəzi pozğunluqlar, immun sisteminin pisləşməsi nəticəsində bədəndə melanositlərin məhv olması və bu hüceyrələrin özünü məhv etməsi səbəbindən melanositlərin azaldığı düşünülür.

Bundan əlavə, Günəş yanığı, stress, müəyyən xəstəliklər və təsirləri kimi amillər bu xəstəlikdə aktiv rol oynayır.

Əlbəttə ki, irsi amillər də yaddan çıxmamalıdır. Ailənin tarixində bu xəstəliyin olması risk faktorudur.

Necə müalicə olunur?

Vitiliqo müalicəsində məqsəd melanosit hüceyrələrinin fəaliyyətini normallaşdırmaqdır.

Bunun üçün bəzi dərman və kremlər istifadə olunur.Ancaq son zamanlarda tətbiq olunan ən təsirli üsul yerli ultrabənövşəyi B (UVB) işıq terapiyasıdır. Yeni və təkmilləşdirilmiş bir metoddur. Bu işıq müalicəsi yalnız ləkələr olan bölgələrə tətbiq olunur. Beləliklə, bədənin digər hissələrini əks təsirlərdən qorumaq məqsədi daşıyır. Bu müalicə üçün bir neçə seans kifayət deyil. Müalicənin cavabı ən azı 10 seansdan sonra alınır. Bu seanslardan sonra xəstə normal həyatına davam edə bilər. Həftədə 2-3 seans tətbiq edilir.

Röya Rasimqızı,

“İki sahil”