07 oktyabr 2019 18:37
107

Vüqar Bayramov: Azərbaycan təbii artım tempini qoruyub saxlayan ölkələrdəndir

“Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəfləri demoqrafik inkişaf fonunda sosial-iqtisadi inkişafın qorunub saxlanması və sosial təminatın gücləndirilməsi ilə bağlıdır. Nəzərə alsaq ki, sosial paketlərin təqdimatı ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir. 2019-cu il bu baxımdan yadda qalan illərdən olacaq”.

Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, dövlətimizin başçısının təşəbbüsü ilə reallaşan sosial paket 4 milyondan çox vətəndaşı əhatə etməklə yanaşı, bu istiqamətdə 4,2 milyard manat əlavə vəsaitin yönəldilməsinə imkan verdi: “Təbii artım Azərbaycan üçün vacibdir. Azərbaycan təbii artım tempini qoruyub saxlayan ölkələrdəndir. Siyasət ondan ibarətdir ki, mövcud təbii artım insan kapitalının inkişafı üçün bir baza formalaşdırır, eyni zamanda, yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi prioritet olaraq qalmaqdadır”.

Ekspert deyib: “Rəsmi statistikaya görə, Azərbaycanda 35 yaşadək vətəndaşlar ümumi vətəndaşların 54,4 faizini, 20-35 yaşarası vətəndaşlar isə əhalinin 29 faizini təşkil edir. Bu, o deməkdir ki, əmək qabiliyyətli əhalinin böyük qismi gənclərdir. Əhalinin strukturunda gənclərin çoxluğu insan kapitalının inkişafı baxımından, eləcə də dövlət dəstəyinin artırılması aspektindən çox önəmlidir. Mövcud iqtisadi siyasət də məşğulluğun təmin edilməsi və dövlət təşviqinin gücləndirilməsinə xidmət etməklə yanaşı, demoqrafik inkişaf fonunda məşğulluq siyasətinə və müasir çağırışlar fonunda yeni elementlərin əlavə olunmasına imkan yaradır”.

“Biz 2020-ci ildə də demoqrafik siyasət fonunda məşğulluğun təmin edilməsi və xüsusən sosial-iqtisadi islahatların davam etdirilməsini müşahidə edəcəyik. Gələn il ilk dəfə Azərbaycanın dövlət büdcəsinin 40 faizi birbaşa sosial istiqamətə ayrılacaq. Bu o deməkdir ki, büdcədən ayrılan hər 100 manatın 40 manatı birbaşa əməkhaqqı, pensiya və təqaüdlərin verilməsi üçün istifadə olunacaq. Növbəti ildə əmək haqlarının verilməsi üçün 6,7 milyard manat, pensiya və təqaüdlərin verilməsi üçün 3,2 milyard manat vəsait ayrılacaq. Təxminən 10 milyard manat birbaşa əməkhaqqı, təqaüd və pensiyanın verilməsi üçün istifadə olunacaq. Sosial-iqtisadi inkişaf, sosial paket qarşıdakı ildə də davam edəcək. İqtisadi siyasət növbəti illərdə də əhalinin sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq”, - deyə V.Bayramov qeyd edib.