05 noyabr 2019 10:37
101

“Vüqarlı dağlar”

Şəhid polkovnikin xatirəsi anılıb

Noyabrın 2-də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində 2016-cı ilin aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat rəisi, polkovnik Vüqar Yusifovun xatirəsinə həsr olunmuş “Şəhidlik ölümsüzlükdür” adlı anım tədbiri keçirilib.

Tədbirdə şəhid polkovnikin ailə üzvləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Milli Məclisin deputatları, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və “Regional İnkişaf” İctimai Birliyinin könüllü gəncləri iştirak ediblər.

Tədbir şəhid polkovnikin üç övladının Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa etməsi ilə başlayıb.

Anım tədbirində Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verilib.

Bildirilib ki, qəhrəmanların həyatı və keçdiyi döyüş yolu hər bir gəncimiz üçün örnəkdir. Aprel döyüşlərində şəhid olmuş komandirlərin döyüş yolu, onların şəhidlik məqamına ucalması Azərbaycan zabitinin hər an əsgərinin önündə Vətən torpağının düşmən tapdağından azad etməyə hazır olduğunu göstərir. Aprel döyüşləri gənc əsgərlərimizin rəşadəti və şücaəti ordumuzun döyüş hazırlığını sübut edib.

Şəhid polkovnikin atası Nurəddin Yusifov qeyd edib ki, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan hər bir qəhrəmanımızın xatirəsi xalqımızın ürəyində daim yaşayacaqdır. Dövlətimizin ərazi bütövlüyü yalnız milli birlik, xalqımızın döyüş əzmi sayəsində bərpa olunacaqdır.

Daha sonra Gənclər Fondunun maliyyə dəstəyilə çəkilmiş, şəhid polkovnikin döyüş yolunu əks etdirən “Vüqarlı dağlar” sənədli filminin təqdimatı olub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aydın Mirzəzadə, Fazil Mustafa, Gövhər Baxşəliyeva, Adil Əliyev Sona Əliyeva bildirdilər ki, şəhidlik ən uca zirvədir.

Vurğulandı ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksələn polkovnik Vüqar Yusifov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətənə xidmətə görə” Ordeni (III dərəcəli) ilə təltif edilib.

Əfsanəvi kəşfiyyatçı, “Murov Qartalı” polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə şəhidlərimizin xatirəsini daim yaşatmaq və gənclərimiz arasında vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə mütəmadi olaraq məktəb və universitetlərdə də tədbirlər təşkil etdiklərinə, bu işlərin görülməsində onlara dəstək olan hər kəsə təşəkkürlərini bildirib.

Sonda Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin solisti Fəxri Kazım Nicat  vətənpərvərlik mahnıları  ilə çıxış edib.

Zahid Rza, “İki sahil”