13 sentyabr 2019 14:41
954

WADA astma preparatlarının idmançılara təsirini öyrənir

Almaniyanın Ulm Universiteti Dünya Antidopinq Agentliyinin (WADA) sifarişi ilə astma preparatlarının idmançılara təsirini öyrənir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Almaniyada çıxan “Sportschau” qəzeti yazıb. Yazıda deyilir ki, tədqiqata 300 min avro vəsait ayrılıb, 24 könüllü idmançı cəlb olunub. İdmançıların hamısı Ulm Universitetinin alimlərinin və onların Köln və Berlindən olan həmkarlarının müşahidəsi altındadır. Alimlər ağciyər testlərinin, qan və sidik analizlərinin nəticələrini, əzələ toxuması nümunələrini yoxlayırlar. Könüllülər nəticələrinin həqiqətən yaxşılaşdığını bildiriblər.

2018-ci ilin fevralında Norveç yığması Pxençxan Olimpiya Oyunlarına 6000 dozadan çox astma dərmanı gətirib. İdmançılar WADA-nın icazəsi ilə bu preparatlardan istifadə ediblər. Bəzi idmançılar və federasiya rəhbərləri WADA-nın terapevtik istisnalardan istifadə etməsi əleyhinədirlər. Məsələn, Rusiya Xizək Yürüşləri Federasiyasının başçısı Yelena Vyalba bu sistemi leqallaşdırılmış dopinq adlandırıb.