05 noyabr 2019 12:30
120

Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yoluna asfalt döşənir

Altı minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun asfaltlanmasına başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi uzunluğu 35,9 kilometr olan yol “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tamamilə yenidən qurulur.

Avtomobil yolu bir neçə istiqamət üzrə 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir. Tikinti işləri 20,5 kilometr uzunluğa malik Xaçmaz-Əbilyataq, 7,7 kilometrlik Qarğalıq kənd hissəsi, həmçinin Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarında aparılır. Giriş yollarının ümumi uzunluğu 7,7 kilometrdir.

Əvvəlcə yeni yol yatağı inşa olunub. Sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.

Artıq 20 kilometrə yaxın hissəyə asfalt döşənib. İkizolaqlı yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr təşkil edir.

Layihəyə uyğun olaraq asfaltlanma başa çatdıqdan sonra zəruri yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək.