15 fevral 2019 10:10
2569

Xalq Prezidentinə ona görə güvənir ki...

Səmimidir, verdiyi sözün sahibidir, həmişə haqqın-ədalətin tərəfindədir

Dövlətin idarə edilməsində ən mühüm şərtlərdən biri də rəhbərin xalqına bəslədiyi səmimiyyətdir. Bu səmimiyyət o qədər saf və təmiz duyğularla zəngin olur ki, xalq ondan ruhlanır, dövlətinin başçısını ən yaxın sirdaş, himayədar kimi görür. Ulu öndər Heydər Əliyev dövlət idarəçiliyində rəhbərlərin üç mühüm xarakterini vacib saymışdı: hakimiyyət, rəsmiyyət və ən başlıcası isə səmimiyyət...

Səmimiyyət olmayan yerdə xalqı inandırmaq, ona arxa olmaq mümkün deyildir. Xalq o rəhbərə daha çox güvənir ki, onun siyasi fəaliyyətində həmişə səmimiyyət duyğuları daha çox olur. Çox şükürlər olsun ki, bu gün Azərbaycan dövlətinə və xalqına rəhbərliyi həyata keçirən Prezident İlham Əliyev xalqın gözündə xoş sima, qətiyyətli və ən nəhayət, səmimiyyətlə dolu bir insan kimi mövcuddur.

Cənab Prezident davamlı olaraq insanların arasındadır, onların problemləri və dərd-səri ilə şəxsən maraqlanır. Problemlərin həlli üçün elə yerindəcə müvafiq tapşırıqlarını və göstərişlərini verir. Azərbaycan Prezidentinin siyasi fəaliyyətində hümanizm, sosialyönümlülük kifayət qədər geniş yer tutur. Məhz son 15 ildə cənab Prezidentin imzaladığı Fərman və sərəncamların 60-70 faizi məhz əhalinin sosial rifahını yüksəltməyə hesablanıb.

Diqqət etsək görərik ki, son 10 gündə ölkəmizin başçısı iki rayona - Şamaxıya və Beyləqana səfərlər edərək sıravi vətəndaşlarla çox dəyərli görüşlər keçirib. Şamaxıda baş verən zəlzələdən dərhal sonra bu rayona səfər edən ölkəmizin başçısı birbaşa dağıntı olan qəsəbə və kəndlərə gedərək evləri dağılmış vətəndaşlarla görüşdü. Onlara bildirdi ki, narahat olmasınlar, dövlət başçısı kimi hər zaman onların yanındadır.

Cənab Prezidentin zəlzələdən qorxu və stress keçirmiş insanlara baş çəkməsi və onlara ürək-dirək verməsi bir daha sübut etdi ki, O, ən çətin anlarda belə, xalqın yanındadır.

Şamaxılı ağbirçək Saray Eyvazova: Allaha inandığım kimi,
Prezidentin gəlişinə, dəstək olacağına da inanırdım

Zəlzələni xatırlayan yaşlı ana, el ağbirçəyi Saray Eyvazova deyir ki, fevralın 7-də uçub-dağılmış mənzilin həyətində əyləşib öz-özümə fikirləşirdim ki, bundan sonra nə olacaq, nə edəcəyik? Ancaq qəlbimdə bir ümid işartısı var idi ki, dövlət onları belə çətin durumda qoymaz: “Allaha inandığım kimi, Prezidentin gəlişinə, dəstək olacağına da inanırdım. Həyətdə oturub fikirləşirdim. Öz-özümə deyirdim ki, kaş İlham Əliyev indi gəlib dadımıza çata. Çarəsiz idim, bir də gördüm ki, qapı açıldı, gələn Prezident idi. Əvvəl dağıntıya baxdı. Sonra mənə tərəf gəlməyə başladı. Dedim qoca olsam da durum ayağa öpüm gözlərindən. Qurban olum gələn ayaqlarına... Atası kimi hər zaman xalqına qayğı göstərir. Ona görə də insanlar Prezidentə güvənirlər, inanırlar. Əlləri ilə çiynimdən tutub dedi ki, qalxma. Əyilib üzümdən, gözlərimdən, əlimdən öpdü. Qayıtdım ki, bəs, Mehriban xanım hardadı? Dedi ki, xanımım yeni eviniz tikiləndə gələcək. Prezident buraya bizə dəstək olmağa gəldiyini söylədi və dedi ki, narahat olmayın, eviniz yenidən tikiləcək. Ürəyim dağa döndü. Belə Prezident heç bir yerdə yoxdur. İlham Əliyevə canım qurban! Əsl vətənpərvərdi, qayğıkeşdi...”

Zəlzələdən zərər çəkən digər bir ailə - Həsənovlar ailəsi də Prezidentin onlara verdiyi mənəvi dəstəyi çox yüksək dəyərləndirir. Onlar deyirlər ki, biz həqiqətən çox həyəcanlı anlar yaşadıq. Amma Prezident İlham Əliyevin bizimlə görüşməsi, təskinlik verməsi qəlbimizdə iftixar hissi yaratdı. Bir daha əmin olduq ki, tək deyilik. Arxamızda dövlət və onun rəhbəri var. Hər zaman vətəndaşın yanında olan dövlət başçısı təəssübkeşliyi, qayğıkeşliyi ilə nümunə göstərir. Elə buna görə də xalq onu dəstəkləyir.

Prezidentin Beyləqandakı görüşündə möhtəşəm mənzərə: “Azərbaycanım” mahnısını xalqa birgə ifa edən ölkə başçısının “Azərbaycan” adı gələndə necə duyğulandığını, ölkəsinə və xalqına necə bağlı olduğunu sezməmək mümkün deyildi

Prezident İlham Əliyevin fevralın 13-də Beyləqan rayonuna səfəri və burada rayon sakinləri ilə görüşü də təntənəli keçdi. Hətta deyərdim ki, bu görüş beyləqanlılar üçün tarixi hadisəyə çevrildi. Görüşlərdə insanlar cənab Prezidentdən nə qədər çox səmimiyyət görürdülərsə, ondan da çox səmimi duyğularla öz rəhbərlərini əhatə edirdilər. Beyləqanda açıq məkanda, abad parkda insanların istirahət etdiyi yerdə Prezidentin onlara yaxınlaşaraq söhbət etməsi insanlarda qürur və sevinc hissləri yaşadırdı. Ağbirçək nənələr, ağsaqqal babalar, gənclər cənab Prezidentlə dövlət başçısı kimi deyil, ən doğma qardaşları, doğma balaları kimi görüşürdülər. Burada çox xoş bir mənzərə yaranmışdı: rəsmiyyət və hakimiyyət öz yerini tamamilə səmimiyyətə, xoş hisslərə vermişdi.

Cənab Prezident beyləqanlılarla onların problemləri, uğurları, qarşıda duran inkişaf perspektivləri ilə bağlı açıq, xalq dili ilə danışırdı. İnsanlar bu səmimiyyətdən ruhlanaraq ona güvənə biləcəkləri insan kimi daha da yaxınlaşırdılar. Ölkə başçısı vətəndaşların problemlərinin həllinə dair elə yerindəcə müvafiq tapşırıqlarını verirdi.

Burada ən önəmli və qürurlandırıcı məqam isə ölkəmizin başçısının rayon sakinləri ilə birgə məşhur “Azərbaycan” mahnısını ifa etməsi oldu. Burada maraqlı bir dialoq alındı. Bu mahnını beyləqanlılarla birgə ifa edən cənab Prezidentin Azərbaycan adı gələndə necə duyğulandığını, ölkəsinə və xalqına necə bağlı olduğunu sezməmək mümkün deyildi.

Bu gün xalqla Prezident arasında  heç bir maneə yoxdur, insanlar öz rəhbərinə sərbəst şəkildə yanaşır, onunla həmsöhbət olur, şəkil çəkdirir, arzu və istəklərini bildirirlər

Daha bir beyləqanlı sakin deyir: Vətəndaşlarla bir yerdə olmağınız, onlara arxalanmağınız, onlarla təmasda olmağınız, özünüzün dediyiniz kimi, onların arzu və təkliflərinə, istəklərinə vaxtında cavab verməyiniz bizi sevindirir. Siz həmişə verdiyiniz sözə əməl edirsiniz. Allah Sizi qorusun.

Prezident: Mən verdiyim sözlərə həmişə əməl etmişəm.

Qadın sakin: Siz xalqın arxasındasınız, xalq Sizin arxanızdadır. Nənələr, analar gecə-gündüz dua edirlər ki, qara qüvvələr Sizdən uzaq olsun.

Prezident İlham Əliyev: Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən Sizin mənə olan inamınızdır.

Diqqət edin: xalqla Prezident arasında heç bir maneə yoxdur. İnsanlar öz rəhbərinə sərbəst şəkildə yanaşır, onunla həmsöhbət olur, şəkil çəkdirir, arzu və istəklərini bildirirlər. Mənə elə gəlir ki, dövlət idarəçiliyində bundan xoş mənzərə, bundan səmimi hisslər yoxdur.

Səmimiyyətin, sevginin ən parlaq göstərici olan daha bir məqam isə Prezident İlham Əliyevin şəhid ailələri və gənclərlə keçirdiyi görüşlərdə onun yüksək tribunadan enərək qarşısına qədər gəldiyi ahıl şəhid anasını da, mükafatı almaq üçün rəhbərinin yanına qalxmağa hazırlaşan, amma bir anda rəhbərinin onun yanına düşməsini görən gənc əlil həmvətənimizə özünün yaxınlaşması da alicənab rəhbərə xas xüsusiyyətlərdir.

Elçin Zaman, “İki sahil”