29 oktyabr 2020 11:22
1117

Xalq yazıçısının yaradıcılığında etnoqrafik dəyərlərimiz barədə kitab nəşr edildi

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Tarixi etnoqrafiya” şöbəsinin elmi işçisi Bahar Əmənovanın “Mənəvi mədəniyyətimiz xalq yazıçısı Əli Vəliyevin yaradıcılığında (tarixi-etnoqrafiq tədqiqat)” (Bakı, “Avropa” nəşriyyatı, 2020, 120 s.) adlı monoqrafiyası nəşr edilib.

  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, kitabda ilk dəfə olaraq xalq yazıçısı Əli Vəliyevin əsərlərindən toplanan materiallar əsasında xalqımızın mənəvi mədəniyyətinin bir çox sahələri – bayramlarla bağlı mərasimlər, zəngin, çoxçalarlı adət-ənənələr, xalq yaradıcılığı nümunələri – bayatı, atalar sözü, məsəllər, inamlar, ovsunlar, alqış-qargışlar, əfsanələr, habelə dini qaydalar, qonaqpərvərlik, musiqi, oyun-əyləncələr, xalq təbabəti kimi məsələlər tarixi etnoqrafik araşdırmaya cəlb edilirərək, ətraflı şəkildə təsvir və təhlil olunur.

Əsərin elmi redaktoru və ön sözün müəllifi akademik Teymur Bünyadov qeyd edir ki, tədqiqatda Qarabag bölgəsinin tarixən Azərbaycanın musiqi sənətinin mərkəzlərindən biri olması etnoqrafik faktlarla göstərilir. Əsərdə toplanan materiallar əsasında Qarabag əhalisi arasında mövcud olan musiqi sənəti, musiqi alətləri (tütək, qara zurna və s.) haqqında geniş məlumat verilir.

Əsərin elmi rəyçiləri filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi Tofiq Babayev, tarix üzrə fəlsəfə doktoru, dosent Əsəd Əliyevdir.

Kitab etnoqraflar, folklorşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.