02 dekabr 2020 17:05
1214

Xalqımız  səbirlə bu günü  gözləyirdi və bu gün gəldi 

Dövlətimizin başçısı İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində bir daha bildirdi ki,  döyüş meydanında, siyasi müstəvidə qazandığımız Qələbə ölkəmiz üçün yeni dövr açır

Noyabrın 10-da  şanlı  qələbəmizin təsdiqi olan  üçtərəfli Bəyanatın imzalanması  müjdəsini xalqa çatdırarkən “Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır. 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi. Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik,  özümüzü toparladıq, dedik ki, artıq yetər, biz bu işğala dözməyəcəyik… Mən müharibədən əvvəl deyəndə ki, mən bilirəm nəyi nə vaxt etmək lazımdır, əminəm ki, xalqımızın mütləq əksəriyyəti başa düşürdü mən nəyi nəzərdə tuturam və səbirlə bu günü gözləyirdi, mənə inanırdı, Prezident kimi, Ali Baş Komandan kimi inanırdı, gözləyirdi və bu gün gəldi” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu fikirlərin davamı olaraq bildirmişdir ki, dedik yetər artıq, bu əsarət yetər! Bizim şəhərlərimiz əsarət altında nə qədər qalacaq?! Mənfur düşmən bizim təbiətimizi nə qədər murdarlayacaq, bizim torpağımızda gəzəcək, yeyəcək, içəcək, rəqs edəcək, bizi təhqir edəcək. Dedik ki, düşmənə yerini göstərəcəyik, düşməni torpaqlarımızdan qovacağıq və qovduq da!

Bu gün Azərbaycan xalqı bu sevinci yaşayır. 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının icrası nəticəsində Ağdam, Kəlbəcər və Laçın müharibəsiz Azərbaycana qaytarıldı. 44 gün davam edən müharibədə 300-ə yaxın kəndin, 5 şəhərin, 4 qəsəbənin işğaldan azad edilməsinə nail olan Azərbaycan Ağdamın, Kəlbəcərin və Laçının qaytarılması ilə  qələbə tariximizi daha da zənginləşdirdi. Bu bölgələrdə həyatın bərpası istiqamətində kompleks tədbirlər planı hazırlanır, soydaşlarımızın qaçqınlıq həyatına son qoyaraq öz doğma yurd-yuvalarına qayıtmaları üçün mühüm addımlar atılır. Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı  xalqa müraciətində qeyd etdiyi kimi,  hər kəs gücümüzü,  qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.  İradəmiz də, təcrübəmiz də var: «İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!»

Bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs  bir arzu ilə yaşayıb  və bu arzu həyata keçirildi.  Artıq müharibə arxada qaldı.  

Zəfər tarixini yazan Azərbaycan hərb tarixinə  yenilik kimi daxil olan  strategiya tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə az itkilər  verərək  qısa müddətdə  düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.  Ali Baş Komandan Laçının işğaldan azad olunması münasibətilə xalqa təbrikində məhv edilmiş Ermənistan ordusunun texnikalarını, eyni zamanda, məhv edilmiş və qənimət kimi götürülmüş texnikalarının statistikasını açıqladı. Statistika bunu  deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv edilib. Ermənistan  ordusu onilliklər ərzində yaradılırdı və onlara hərbi texnika pulsuz verilirdi. Bu məqam 44 günlük müharibə dövründə daha aydın özünü göstərdi. Dövlətimizin başçısı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrinin hər birində bu suala cavab axtardığını diqqətə çatdırdı ki, kasıb ölkəyə belə böyük məbləğdə silah verən kimdir? Məhv edilən və qənimət kimi götürülən texnikaların qiyməti ilə işğalçı Ermənistanın maliyyə imkanları təzad təşkil edir.  Haradandır bu kasıb ölkədə bu qədər pul? Təbii ki, bütün dövrlərdə böyük dövlətlərin maraqlarının icrasında vasitəçi olan Ermənistan onlar tərəfindən silahlandırılıb, maddi və mənəvi dəstəklə əhatə olunub. Bu, başqa bir yazının mövzusu olduğu üçün daha geniş şərh vermədən Azərbaycan Ordusunun  44 gündə tariximizə yazdığı  zəfər günləri silsiləsindən postmüharibə dövrünə keçidin gözləntilərindən bəhs etmək istərdik.

Dövlətimizin başçısı xalqa müraciətlərində daim  bu məqamı da xüsusi qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində şanlı Qələbəsi münasibətilə təşkil olunacaq hərbi paradda düşmənin məhv edilmiş və ya qənimət kimi götürülmüş texnikaları da nümayiş olunacaq. Ölkə Prezidenti,  Ali Baş Komandan İlham Əliyev  hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman Qələbə paradının anonsunu vermişdi. Bu parad möhtəşəmliyi ilə seçiləcək, digər paradlardan fərqli olacaq. Artıq Azərbaycan bu paradı Qələbəmiz münasibətilə  keçirəcək.

Qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla  apardığı  işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması  doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Dövlətimizin başçısının müsahibələrində də qeyd etdiyi kimi,  ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Bu təcrübə şübhəsiz  kitablarda da, tədqiqatlarda da əksini tapacaq.

Özü haqqında  məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində məhz Azərbaycan Ordusu tərəfindən  darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.

Azərbaycanın 2003-cü ilədək olan dövrü, eyni zamanda, 2003-cü ildən sonrakı mərhələsi bu gün əldə olunan uğurları şərtləndirən əsas amillər kimi qeyd edilir. Təbii ki, sabitlik olmasa iqtisadi inkişaf olmazdı, bu halda da heç bir sahənin tərəqqisindən danışmaq mümkün  deyildi. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkəmizi müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi.  Əgər 1993-2003-cü illəri əsasən bərpa və inkişafın təməlinin qoyulması dövrü adlandırırıqsa, ikinci mərhələ böyük və sürətli quruculuq və inkişaf dövrü kimi xarakterizə edilir. Birinci mərhələ Ümummilli Liderin, ikinci mərhələ isə bu siyasi kursu uğurla davam etdirən, qətiyyətli lider olduğunu həyata keçirdiyi nəhəng transmilli layihələrlə, sosial-iqtisadi islahatlarla, diplomatik mübarizədə qələbələri ilə, eyni zamanda, 44 günü Azərbaycan tarixinə zəfər günü kimi yazan, noyabrın 10-da imzalanan razılaşma əsasında Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini dünyaya təqdim edən  Prezident İlham Əliyevin adı ilə bağlıdır. Son 17 ilin əsas hədəfləri sırasında Azərbaycanın hərbi büdcəsinin Ermənistanın ümumi büdcəsindən dəfələrlə artıq olmasına nail olmaq idi. Bugünkü Qələbəmiz bu reallığın təsdiqidir.  Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantı  istisna edilmir. Müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu, hərbi xərclərimizin artırılması suveren hüququmuzdur.  Ölkədə ən müasir tələblərə cavab verən ordu quruculuğu dünyanın heç bir yerində olmayan böyük sürətlə aparıldı. Məhz aparılan bu yüksək səviyyəli dövlətçilik fəaliyyəti və təşkilatçılıq işi Müzəffər Ali Baş Komandanın dediyi kimi, qarşıda duran əsas vəzifəyə xidmət edirdi: “Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.

Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu 44 gündə təsdiqlədi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanatın müddəalarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və  dekabrın 1-də isə Laçını təhvil verməli idilər.   Kəlbəcər  noyabrın 15-də qaytarılmalı idi, amma Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün noyabrın 25-də təhvil verildi. Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə  bir daha təsdiqlədi.  Digər tərəfdən bu məqamı da unutmayaq ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyi kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanındadır.  

Bu gün  istər ölkə, istərsə də dünya mətbuatında qalib Prezident İlham Əliyevin müharibədə qalibiyyət qazanmaq üçün atdığı addımlar, informasiya müharibəsində Ermənistanı diz çökdürməsi geniş şəkildə təhlil edilir. Dünya siyasətçiləri, politoloqlar, aparıcı mətbu orqanların nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyanın təlxəkliyini  insanlığa sığmayan, bir dövlətin rəhbərinə yaraşmayan hərəkət kimi dəyərləndirirlər.

İkinci Qarabağ  müharibəsinin  44 günündə  baş verənlər dövlətimizin başçısı İlham Əliyevin  30 ilin imitasiya naminə danışıqlara son qoyub döyüş meydanında ədaləti bərpa etməsinin mahiyyətini daha dərindən dərk etməyə geniş imkan yaradır. Ermənistanın baş nazirinin sərsəm bəyanatları, münaqişənin diplomatik yolla, havadarlarının isə hərb yolu ilə həllinin mümkünsüzlüyünü bildirmələri Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu.  Azərbaycana müxtəlif güc mərkəzlərindən göstərilən təzyiqlərə baxmayaraq, ölkə rəhbərliyi böyük qətiyyət, cəsarət və siyasi iradə nümayiş etdirdi və ərazi bütövlüyümüzün bərpası kimi əsas vəzifənin öhdəsindən layiqincə gəldi: «Danışıqlar heç bir nəticə vermədi. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq.» 

Təbii ki, böyük Qələbəyə aparan yolda beynəlxalq səviyyədə həyata keçirilən siyasətin, diplomatik fəaliyyətin, dünya ölkələri ilə yaradılan dostluq münasibətlərinin yeri ayrıca qeyd edilməlidir. Həm ölkə daxilində fasiləsiz şəkildə təşkil edilən, dünya miqyaslı problemlərin müzakirə olunduğu beynəlxalq tədbirlər, həm də dünyanın fərqli ölkələrində keçirilən müxtəlif səviyyəli tədbirlərdə Azərbaycanın yüksək səviyyədə təmsil olunması, dünyanın əsas aparıcı ölkələrində və beynəlxalq təşkilatlarında fəaliyyət göstərən diplomatik nümayəndələrimiz Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynadı. Azərbaycanın siyasi qələbəsini təsdiqləyən 10 noyabr razılaşması da bu məqamlara işıq salır.

Gərgin və davamlı təbliğat  nəticəsində bütün dünyaya sübut edildi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır.   Dövlətimizin başçısının bu müddətdə hər bir müsahibəsi  həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası baxımından xüsusi diqqət çəkdi. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında  bu reallıqları öyrənməyə məcbur oldu.  Baxmayaraq ki, 30 ilə yaxın müddətdə münaqişənin həlli üçün  möhkəm hüquqi baza mövcud idi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır.

Qələbənin memarı, Ali Baş Komandan İlham Əliyev ölkəmizin gələcəyi ilə bağlı fikirlərini belə ifadə etmişdir ki,  ölkəmizin gələcəyi çox parlaq olacaq. Son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. Ölkəmiz üçün yeni bir dövr başlanır.  Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa etdik.

Qeyd olunanların fonunda bu ümumiləşdirməni apara bilərik ki, inkişaf etmiş  dünya dövlətləri ilə müqayisədə Azərbaycan ərazi baxımından o qədər də böyük  olmasa da, bu gün dövlətimizin  əldə etdiyi tarixi Qələbə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazıldı.    2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən təntənəli hərbi parad  bir daha bu reallığı təsdiqləmişdir ki,  peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir və bu ordunun gücü onun öz xalqına və dövlətinə sədaqətində, Vətən sevgisindədir. Millətimizin ləyaqət rəmzi, özünütəsdiq imkanı olan ordumuz xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir və bütün bu ali ideyaları yalnız bir milli dəyər birləşdirir - Müstəqillik! Həmin hərbi paradda Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

O vaxtdan bizləri iki ildən artıq zaman ayırır. Azərbaycan Ordusu 44 gündə cənab İlham Əliyevin bu inamını reallıqda təsdiqlədi. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Yuxarıda qeyd etdiyimiz kimi, artıq torpaqlarımızın işğal tarixlərindən deyil, işğaldan azad olunma tarixlərindən bəhs edəcəyik. 10 noyabr tariximizin ən parlaq səhifəsidir. Bu, haqqın-ədalətin, ərazi bütövlüyümüzün bərpa olunduğu tarixdir. 

Yeganə Əliyeva,

«İki sahil»