19 may 2020 14:14
317

Xalqımız Sizin Azərbaycan üçün etdiklərinizi qürurla izləyir, böyük siyasətinizlə fəxr edir

Dünyada tüğyan edən koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını minnətdarlıq məktublarında ifadə edirlər.

“İki sahil” dövlətimizin başçısına ünvanlanan daha bir neçə məktubu təqdim edir.

Mingəçevir şəhərindən Anar Hacıyev: “Möhtərəm cənab Prezident! Sizin rəhbərliyinizlə gündən-günə gözəlləşən, qüdrətlənən, güclənən Azərbaycanımızla qurur duyuram. Bu danılmaz bir reallıqdır ki, Azərbaycanımızın ümummilli liderimiz Heydər Əliyev ilə başlayan qurtuluşu çiçəklənmə və yüksəlişə doğru irəliləyir. Ölkəmiz Sizin rəhbərliyinizlə bu yüksəlişə davam edir və daha da güclənir, daha da qüdrətlənir, daha da çiçəklənir. Bütün xalqımız Sizin Azərbaycan üçün etdiklərinizi qürurla izləyir, böyük siyasətinizlə fəxr edir. Dünyamızda tüğyan edən bu virusla bağlı gördüyünüz işlər bir daha göstərdi ki, Siz xalqımız üçün necə böyük fədakarlıq göstərir, necə böyük işlər görürsünüz. Pandemiya dövründə Sizin rəhbərliyinizlə görülən işlər bir daha göstərdi ki, Azərbaycanın layiqli, böyük ürəyə malik, xalqını düşünən Lideri var. Mən Sizə böyük minnətdarlığımı bildirir, uzun və xoşbəxt ömür arzulayıram.”

Salyan rayonu, Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbinin ingilis dili müəllimi Röyalə Babazadə: “Möhtərəm cənab Prezident! Dünyanı çətin vəziyyətdə saxlayan COVID-19 virusu ilə mübarizədə Siz və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz. Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapmışdır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvacibləri əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkələrə nümunə oldu və olmaqda davam edir. "Biz birlikdə güclüyük!" deyib həmişə xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün Sizə və Mehriban xanım Əliyevaya bir təhsil işçisi olaraq dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.”

Masallı rayonu, Ərkivan qəsəbəsindən Nurlan Əsgərli: “Hörmətli cənab Prezident! Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilmiş, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaqdır. Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük.”

Bakı şəhərindən Mətanət Qədimova: “Əziz Prezidentimiz! COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, xalqın təhlükəsizliyi üçün həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır. Cənab Prezident, Sizin pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun.”

Sabirabad rayonundan Fatma Əskərova, Əliyoldaş Əkbərov, Sevinc Nuriyeva yazır: “Hörmətli cənab Prezident! Bizi qoruduğunuza, xalqımızın xoşbəxt sabahı naminə çəkdiyiniz zəhmətlərə görə, Sabirabad rayonunun sakinləri adından Sizə təşəkkür edirik. Bu qayğılı günlərdə aztəminatlı ailələri unutmayaraq onlara yardım edilir. Hər birimiz Sizi yanımızda hiss edirik. Sizə uzun ömür, cansağlığı və bərəkətli ömür arzu edirik. Gələcəyiniz nurlu, bütün işləriniz uğurlu olsun. Çox şükür ki, varsınız. Yaşasın Azərbaycan və onu sevənlər.”