10 iyun 2019 18:12
308

Xalqımızın milli qürur səhifəsi

Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmaqla ölkəmizin suverenliyini, müstəqilliyini xilas etdi. Həmin tarixdən cəmi 26 il keçməsinə baxmayaraq Milli Qurtuluş Günü, bu günün səbəbləri, nəticələri hər zaman maraqla müzakirə olunur. Çünki hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın varlığı məhz 1993-cü ilin 15 iyunundan başlayır.  “İki sahil” qəzeti olaraq  15 İyun - Milli Qurtuluş Gününə bir daha işıq tutduq. “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev və siyasi ekspert Elşad Mirbəşiroğlu 15 İyunun Azərbaycan tarixindəki yerindən söhbət açdılar.

“15 İyun  - Milli Qurtuluş Günü ilk növbədə öz dövlətini, Vətənini sevən azərbaycanlıların şanlı tarixidir və bu tarix Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında çox nəhəng rola malikdir” deyən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirdi ki, hər bir xalqın, dövlətin öz milli tarixi günləri olduğu kimi, artıq 15 iyun tarixi də Azərbaycan xalqına və dövlətinə məxsus bir milli qürur səhifəsidir: “Artıq 1993-cü ildə xalqımız açıq-aşkar şəkildə yenicə qazanılmış müstəqilliyi növbəti dəfə itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı və bu baş versəydi, azadlıq uğrunda tökülən şəhid qanları, qurban  verilən canlar hədər olacaqdı. AXC-Müsavat cütlüyünün naşılığı, kreslo davaları, şəxsi və maddi mənfəətlər uğrunda gedən daxili savaşlar, eyni zamanda, vətəndaş qarşıdurmasına şərait yaradırdı. Azərbaycanın dünya birliyində sıxışdırılması ilə yanaşı, Qarabağ cəbhəsindəki xəyanətlər, satqınçılıqlar üzündən yaranan  məğlubiyyətlər o zamankı iqtidarın dövlət və xalq maraqları barədə əsla düşünməməsi faktını ortaya qoymuşdu. Bütün bunları xatırlayarkən, Azərbaycan dövlətinin nə qədər böyük və dəhşətli məhvə doğru getdiyini gözlərimiz önündə canlandıra bilərik. Belə bir çətin, acınacaqlı zamanda insanların günlərlə çörək növbələrində dayandıqları, hətta həmin növbələrdə həyatlarını itirdikləri vaxtlarda, hakimiyyətin xəyanətləri üzündən cəbhədə öldürülmüş əsgərlərin tabutlarının ailələrinə axın-axın gəldiyi, küçələrdə, bazar və dükanlarda silahlı reketçiliklərin tüğyan etdiyi dövrlərdə xalqın xilas olmağı üçün yeganə çıxış yolu öz qətiyyətli, xilaskar liderini müəyyənləşdirmək idi. Məhz həmin vaxtlarda Azərbaycan xalqı öz pənahını Ümummilli Liderdə tapdı, Ona  müraciət etdi, Onun hakimiyyətə gəlməsini birmənalı olaraq istədi, tələb etdi. Belə bir ərəfədə xalqının ağır, böhranlı və çıxılmaz vəziyyətinə biganə qala bilməyən ulu öndər Heydər Əliyev Azərbaycanı əyilməz iradəsi, müdrikliyi ilə düşdüyü çətin vəziyyətdən çıxardı. O, hər zaman vurğulayırdı ki, yerdə qalan ömrünü Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr edəcək. İqtisadiyyat, neft strategiyası, ordu quruculuğu və s. istiqamətlərdə nəhəng işlərə imza atıldı, Azərbaycan dünya dövlətləri sırasında mötəbər yerini tutmağa başladı. Bütün bunlar 15 iyun – Milli Qurtuluş Gününə xas olan, bu günü tariximizə həkk edən qürur mənbəyimizdir”.

Siyasi ekspert onu da qeyd etdi ki, ümummilli lider Heydər Əliyev ideologiyası Onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu gün əldə edilən hər bir mütərəqqi siyasət faktorunun təməlində 15 iyun gerçəkliyi dayanmaqdadır: “Əgər nəzərə alsaq ki, müasir müstəqil Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır, ölkəmiz bir sıra mühüm beynəlxalq tribunalarda söz sahibidir və dünyanın ən aparıcı layihələrində təşəbbüskar olaraq çıxış edir, bu zaman ulu öndər Heydər Əliyev ideologiyasının, bu ideyaya xas prinsiplərin cənab İlham Əliyev tərəfindən həyata keçirildiyini vurğulaya bilərik. Bütün bunlar bilavasitə Milli Qurtuluş Gününün bariz və məntiqi nəticələridir. Bizlər həmin tarixin əbədi olması üçün daim dövlətimizin, dövlətçilik maraqlarımızın, bu maraqları həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə Azərbaycanımızın inkişaf və tərəqqisinə davamlı töhfələrimizi veririk, bundan sonra da  bu uğurlu zəfər yolumuzu davam etdirəcəyik”.

1993-cü il 15 iyun tarixinin Azərbaycanda Milli Qurtuluş Günü kimi müəyyənləşdiyini qeyd edən siyasi ekspert Elşad Mirbəşiroğlu isə bildirdi ki, bunu şərtləndirən ciddi amillər var idi: “Azərbaycan öz müstəqilliyinə qovuşduğu ilk illərdə daxili xaosla üzləşdi. Eyni zamanda, Ermənistan tərəfindən irəli sürülmüş əsassız  ərazi iddiaları ilə qarşı-qarşıya qaldı. Belə ağır tarixi sınaq dövründə ölkə daxilində müxtəlif silahlı birləşmələrin hakimiyyət uğrunda qeyri-qanuni mübarizəsi təbii ki, ağır siyasi, sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Azərbaycanda müstəqilliyin ilk illərində formalaşmış siyasi hakimiyyət öz səriştəsizliyi ilə ölkəni xaosdan çıxara bilmirdi. Hələ bu azmış kimi, 1993-cü ilin iyunun əvvəllərində Gəncə  qiyamı baş qaldırmağa başladı. Surət Hüseynovun rəhbərlik etdiyi bu qiyam sözün həqiqi mənasında Azərbaycanda real vətəndaş müharibəsinin əlamətlərini göstərirdi. Bununla da həm xaricdən gələn ciddi təhlükələr,  həm də daxili və davamlı olaraq dərinləşməkdə olan xaos ölkənin müstəqilliyini  sual altına qoyurdu”.

Ekspert onu da diqqətə çatdırdı ki, həmin illərdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı: “Bu baxımdan həmin dövrdə hakimiyyətdə olan insanlar vəziyyətdən çıxmaq üçün özlərində potensial tapmadıqlarını hiss etdilər və ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdilər. Ümummilli lider Heydər Əliyev Surət Hüseynovla danışıqlar aparmaq üçün Gəncəyə getdi. Sonra Milli Məclisə Gəncədə baş verən vəziyyətlə bağlı arayış təqdim etdi. Artıq vəziyyətin ağırlığı qarşısında tab gətirməyərək istefa verən İsa Qəmbərin yerinə Milli Məclisin spikeri məhz Ulu Öndər seçildi. Bundan sonra Azərbaycanın daxili siyasi həyatında nəzərəçarpacaq sabitləşmə müşahidə olundu. Azərbaycan inkişaf yoluna qədəm qoymağa başladı. Bununla da Azərbaycan inkişaf strategiyası da məhz həmin dövrdən formalaşmağa başlandı. Elə dövrün reallıqlarına uyğun olaraq, bu strategiyanın bazisini məhz daxili-siyasi sabitlik təşkil edirdi. Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə müəyyənləşdirmişdir ki, daxili-siyasi sabitliyi təmin etmədən hər hansı istiqamətdə uğurdan danışmaq qeyri-mümkündür. Həmçinin daxili siyasi sabitlik üzərində ölkənin iqtisadi və hərbi qüdrətinin inkişaf etdirilməsi istiqamətində də addımlar atılmağa başlanıldı. Bu da qısa zaman kəsiyində öz bəhrəsini verdi. Azərbaycan daxili təhlükəsizlik mühitini formalaşdıra bildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışıdan təxminən bir il sonra 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Sözsüz ki, bu da Azərbaycan üçün çox böyük bir əhəmiyyət kəsb edən sənəd idi. Ölkəmizin iqtisadi sisteminin formalaşmasında, müstəqilliyinin dönməz xarakter almasında “Əsrin müqaviləsi”nin çox böyük təsiri olmuşdur”.

Mənsumə Babayeva, “İki sahil”