15 iyul 2020 16:17
760

Xalqın döyüş ruhuna kölgə salan təxribatçılar cəzalarını almalıdırlar

Milli Məclisə quldur kimi daxil olanlar xarici ölkələrin casusları təsiri bağışlayırdı

Ermənistan hərbi birləşmələrinin Tovuz istiqamətindəki qəfil hücum cəhdinin qarşısının uğurla alınması bir daha Azərbaycanın hərbi baxımdan Ermənistandan üstünlüyünü nümayiş etdirdi. Qürurverici məqamdır ki, qısa müddətdə Ermənistan ordusuna sarsıdıcı zərbələr vuruldu. Xüsusilə artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqələri, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikaları və onlarla canlı qüvvəsi  məhv edildi.

Əslində, Ermənistan hakimiyyəti bu döyüşlərdəki itkilərini nə qədər gizlətməyə cəhd göstərsə də alınmadı. Artıq bu gün ermənilər sosial şəbəkələrdə Azərbaycan Ordusunun vurduğu hərbi birləşmələrdən və hərbçi itkilərindən açıq şəkildə danışmağa başlayıblar. Hətta bir erməni qadın qardaşının həmin ərazidə xidmət keçdiyini və döyüş zamanı onlarla erməni hərbçisinin məhv edildiyini bildirir. O, qardaşına istinadən deyir ki, burada 3 hərbi yük maşınında  həlak olmuş və yaralanmış erməni hərbçiləri aparılıb. Azərbaycan Müdafiə Nazirliyi isə 100-dən çox erməni hərbçisinin məhv edildiyini bildirir. Təbii ki, bu nəticələr bir daha Azərbaycanın hərbi qüdrətini, Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini göstərir.

Digər qürurverici məqam məhz bu ağır məqamda xalqımızın Ordumuza və Ali Baş Komandana olan dəstəyi idi. Xalqımız, xüsusilə gənclərimiz paytaxda və rayonlarda lokal nümayişlər keçirərək ordumuza dəstəklərini ifadə edir və döyüşə getməyə hazır olduqlarını bildirdilər. İyulun 15-i gecəsi də məhz  Bakı küçələri öz ordusuna, onun Ali Baş Komandanına, dövlətinə dəstəyini ifadə edən minlərlə xalq nümayəndəsi ilə aşıb-daşırdı. Paytaxtın mərkəzində  xalq yürüşü var idi. Polis heç bir müdaxilə etmir, nümayişçilərdən birisi kimi  davranırdı.

Bütün bu prosesləri hər kəs canlı yayım həyata keçirən tanınmış internet kanallarından, böyük «Facebook» səhifələri üzərindən izləyə bilirdi. Sonra küçələrdəki xalq axını Şəhidlər xiyabanından Milli Məclisin önündəki meydana yönəldi və orada birləşdi. İlk görüntülər möhtəşəm idi, qürurverici idi. Müxbirlər də meydanda idilər və mümkün olduqca canlı yayımlar verirdilər.

Hər yerdən ordumuza dəstək səsləri gəlirdi. «Ali Baş Komandan, əmr et!», «İrəli, irəli, Azərbaycan əsgəri!», «Şəhidlər ölməz, Vətən bölünməz!» şüarları insanlarımızın münasibətini və mitinqin gerçək mahiyyətini ifadə edirdi. Eyni zamanda, xalqın Prezident və Ali Baş Komandan İlham Əliyevə inam və dəstəyi ifadə olunurdu.

Lakin  dinc məcrada keçən  mitinq qəfildən təxribatçı ünsürlərin diktəsi ilə aurasını dəyişdi. Bəzi təxribatçı qruplar artıq dövlət  və ordu əleyhinə şüarlar səsləndirərək fəallaşmağa başladılar.  Mitinqdə ordumuza və Ali Baş Komandana dəstək göstərən insanlar polislə çox səmimi davranırdılar. Azərbaycan polisi də gənclərə səmimi hisslərini açıqca etiraf edirdi: «Biz də döyüşdə sizinlə ön cəbhədə olacağıq. Ali Baş Komandan nə vaxt əmr etsə, biz sizinlə çiyin-çiyinə döyüşəcəyik.»

Hətta mitinq-yürüşdə polislər təxribata meylli qruplara da səmimi tonda tövsiyə edirdi ki, ordumuz qələbə ruhundadır- bizim buradakı emosional- dağıdıcı hərəkətlərimiz düşmənlərimizə üstünlük gətirə bilər. Ona görə də mitinq qanun  çərçivəsində yekunlaşmalıdır.

Burada bir məqamı da vurğulamaq lazımdır ki, mitinqdə  Müdafiə Nazirliyinin rəsmisi  çıxış edərək döyüşə getmək istəyən gənclərin bu təşəbbüsünü dəstəklədi və onları yerli səfərbərlik idarələrinə dəvət etdi.  

Lakin zaman gecəyə doğru irəlilədikcə səmimi xalq kütlələri azalır, hər kəs evinə gedirdi. Ancaq meydanda qalan çirkin niyyətli insanlar isə mitinqi tamam başqa bir iyrənc istiqamətə yönləndirdilər. Beləliklə,meydanda təxribatçıların kritik kütləsi düzələn kimi hərəkətə keçdilər. Onlar məhz erməniləri sarsıdan, bizi qürurlandıran bir aksiyanı ləkələdilər. Həmin bu təxribatçı qruplar «Allahu Əkbər» sədaları ilə Milli Məclisin binasını «işğal» etdilər. Təbii ki, Allah böyükdür və şəriki yoxdur! Hamımızın tək sahibi Odur! Lakin niyə Milli Məclisin işğalı məhz bu şüarla həyata keçirildi? Niyə xarici ölkələrə bağlı internet yayım qurumları məhz seçib onları çəkir, dövlətin, ölkə rəhbərliyinin əleyhinə danışan 4-5 qərəzli şəxsi dəfələrlə və ard-arda efirə alırdı?

Təbii ki, bu məqamlar ciddi araşdırılmalıdır. Bir sözlə, xalqın səmimi və nizamlı mübarizəsinə, yəni   torpaq davasına xarici ölkə casuslarının müdaxiləsi yolverilməzdir. İyulun 14-dən 15-ə keçən gecə baş vermiş bu hadisələr sadə təxribat deyildi, əsl dövləti xəyanət idi.Onlar bu  yaramaz hərəkətləri ilə  məhz  hər şeydən öncə bizim beynəlxalq aləmdə, Ermənistan ictimaiyyətində bir millət olaraq işğalla barışmadığımızı, öz torpaqlarımızı almaq üçün bütöv xalq olaraq savaşa hazır olduğumuzu göstərən yürüş-mitinqi başqa istiqamətə yönləndirdilər.

Bütün hallarda Bakı küçələrində xalqımızın, işğalçı Ermənistanın üstünə yürüş etmək arzusu aydın görünürdü. Ermənilər anlayırdılar ki, Azərbaycan xalqı ayaqdadır-işğalla barışmayıb, onu əzməyə qadirdir. Lakin kaş ki, sonda təxribatçı qüvvələr xalqın vətənpərvər oğullarının haqq işinə kölgə salmayaydılar.

Qardaşlar! İndi milli birlik zamanıdır! Dovlətimizə və Ali Bas Komandana hərtərəfli dəstək olmalıyıq ki, cəbhədə zəfərlər bizim olsun! Ona görə də biz hamımız bu gün öz işimizdə, öz cəbhəmizdə Vətənə namusla xidmət etməli, hər birimiz Vətən uğrunda döyüşə hazır olmalıyıq. Əqidəsindən , düşüncəsindən, mənsub olduğu siyasi baxışından asılı olmayaraq hamımız birləşməliyik. Axı Vətən uğrunda  döyüşdə yalnız bir tərəf olur: işğalçı ölkə, təcavüzkar Ermənistan. Məhz biz düşmənlə sona kimi mübarizə apamaq üçün bir yerdə olmalıyıq- Ali Baş Komandana və ordumuza dayaq olmalıyıq. Biz yalnız milli maraqlarımızı, dövlətimizin mənafeyini qorumaqla torpaqlarımızın azadlığına nail ola bilərik.

Elçin Zaman, «İki sahil»