KÖŞƏ

Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Xanım ola bilmək həm də bir seçimdir

10 mart 2020 10:25
2464

Millət olaraq qadın bizim üçün kişi ilə bərabər hüquqlara malikdir. Bu da təbiidir. Çünki biz min illərdir belə tərbiyə görmüşük. Əcdadımız qadının toplumdakı yerini süni şəkildə müəyyən etməyib. Onun yeri sövqi-təbii – Tanrıdan bəlirlənib. Qadın bizim toplumda kişi ilə tam bərabər hüquqlu olub. At çapıb, ox atıb, ov ovlayıb. Döyüşdə kişilərlə çiyin-çiyinə döyüşüb. Və qadın bizim millətimiz üçün sadəcə bir cins fərqini bildirməyib. Əski türklərdə dövlətin başçısına Xan deyəndə o da öz qadınına Xanım deyib. Sultan qadınına Sultanım deyib, Bəy də öz qadınına Bəyim deyib. Bizim millətimiz qadını hər zaman Xanım, Sultanım, Bəyim kimi görüb, ona uyğun da davranıb.

Bütün bunları yazmağımıza – xatırlatmağımıza səbəb bu gündür: 8 Mart Beynəlxalq Qadınlar Günü. Bütün Xanımları təbrik edirik. Onlar həqiqətən də hər şeyin ən yaxşısına layiqdirlər. Çünki Anamız, Bacımız, Həyat yoldaşımız, Qızımızdır Xanımlar. Bəşər övladı öz mövcudluğuna görə məhz o möhtəşəm insana – Qadına borcludur.

Bəs cins olaraq qadın kimi dünyaya gəlib xanım ola bilməyənlər haqqında nə deyək? Təəssüf ki, qadınların heç də hamısı xanım ola bilmir. Xanım ola bilməmələri də onları küçələrə salır, beyinlərini pozur, ədəb-əxlaq çərçivəsindən çıxarır…

Bu gün Bakıda “feministlərin marşı” keçirilib deyirlər. Feminizmlə işimiz yox. İndi qadınların bəziləri hansısa kompleksə qapılıb elə düşünür ki, kişilər onları istismar edir. Ona görə də qadın varlıqlarını hər fürsətdə sübut etmə zərurəti duyurlar. Bu da onların seçimidir və çağdaş dünyada belə bir şeyin doğru və ya yanlışlığı ümumiyyətlə müzakirə olunmur…

Lakin…

Lakin görürük ki, Bakıda “feminist marşı”na qatılanların başları üzərinə qaldırdıqları şüarlar bəzən hətta qadınların özlərini belə utandıracaq, yerdən-yerə soxacaq qədər ayıbdır! Bəli, ayıb! O qədər ayıb ki, biz o şüarları yazımızda belə yaza bilmirik. Hətta deyərdik ki, yazını yazarkən şüarların gözümüzün önünə gəlməsi belə bizi utandırır…

İndi bunun adını nə qoyaq? Əgər hansısa çiçəyi burnunda gənc qız özünü kiməsə təslim etmək istəyirsə, bunu “feministlərin marşı”nda şüar edib qışqırmağın adı nədir? Adama deyərlər, ay bala, nə istəyirsən, kiminlə istəyirsən, get elə də. Sənin şəxsi həyatına qarışan var? Ümumiyyətlə, səni tanıyan, şəxsi həyatına qarışan varsa, bunu əxlaqsız bir yöntəmlə cəmiyyət içində çığırmaq nəyə lazımdır? Qanun var, dövlət var, problemin varsa, buyur, müraciət elə, tədbir görsünlər…

Bütün bunlar bir yana, bizi, bilirsinizmi nə düşündürür? Bizi düşündürən odur ki, hələ 1857-ci ildə qadın hüquqları uğrunda uzaq ABŞ-da ayağa qalxmış qadınlar heç də indi bu günü bəhanə edib özünü kiməsə və nəyə görəsə sırımaq istəyənlərin səviyyəsində deyildi. Onlar işçi idilər. Hüquq tələb edirdilər. Ləyaqətli münasibət, layiqli yanaşma uğrunda ayağa qalxmışdılar. Yəni onlar sadəcə qadın deyil, Xanım olduqlarını xatırlatmaq istəyirdilər. Ona görə də o qadınların çağırışları aradan keçən 163 il ərzində daim xatırlanır, az qala bütün dünyada qadınlığın sadəcə cins olmadığını nəzərə çarpdırır. Biz də qadınlığın cins fərqi olmadığını bilənlərdənik və ona görə də hər bir qadını Xanım kimi görür, görmək istəyirik.

Yenə də lakin…

Lakin kimlərsə – elə cins olaraq qadın olanların az da olsa bir kəsimi küçələrə çıxıb hər cür ədəb həddini aşır və ayıb olacaq yöntəmlə topluma pis-pis əhvallar ötürməyə çalışır…

Bəs, bunların belə davranmasının arxasında nə dayanır? Yaxud, onları buna sövq edən nədir? Ümumiyyətlə, bir müsəlman ölkəsi olan Azərbaycanda belə təzahürlər nə qədər məqbuldur?

Davranışlara baxılarsa, bunların arxasında Azərbaycandakı mənəvi-əxlaqi mühiti sarsıtmaq istəyən Qərb mərkəzlərinin dayandığını deyə bilərik. Özəlliklə də ailə institutunun çoxdan qeybə çəkildiyi Qərb ölkələrindəki bu mərkəzlər bütün dünyanı, o cümlədən Azərbaycanı öz günlərinə salmaq istəyirlər. Ona görə də topluma “demokratik dəyərlər”, “azadlıqlar” adı altında bu cür iyrənc təzahürləri sırıyırlar. Özü də bunu Azərbaycan qızlarının əli ilə edirlər…

Həyat tərzi seçmək azaddır. Buna qarışmırıq. Lakin əxlaq dışı həyat tərzi seçib bunu həm də küçələrə çıxaraq çığır-bağır salmaqla təbliğ etmək yolverilən sayıla bilməz! Ona görə də bu “qızların” ata-anası, bacı-qardaşı ciddi düşünməlidir. Görünür, belə “qızların” ailələrində “kişilər” problemlidir ki, yetişdirdikləri qadınlar küçələrə düşüb belə əməllərlə “fəxr” etməkdən çəkinmirlər…

Biz, Xanımları təbrik etdik az öncə. Onlar başımızın tacıdır. Ağzımızda Xanım deyirik. Başqa cür ola bilməz. Di gəl, 8 martda küçələrə çıxanların bəziləri, anlaşıldığı kimi, baş tacı olmağı seçmək istəmirlər. Qarışmırıq, seçməsinlər. Lakin onların küçələrə çıxıb bu cür əxlaqsızlıq etməyinə də bizim toplumumuz dözməyə borclu deyil…