28 sentyabr 2020 18:32
2436

Xaricdən sifarişləri necə bəyan etməli?

Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na ötən ay edilmiş dəyişikliklər artıq qüvvədədir. Dəyişikliklərdən biri də  gömrük ödənişləri olmadan beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni şəxsin adına gətirilən mallar üzrə aylıq limitin 1000 ABŞ dollarından  300 ABŞ dollarına endirilməsidir.

Dəyişiklərlə, həmçinin  fiziki şəxs ay ərzində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ödənişi etmədən bir dəfə məhsul alışı həyata keçirə bilər. Dövlət Gömrük Komitəsi bu prosesi rahat həyata keçirmək üçün “Sadələşdirilmiş Bəyannamə -Elektron Ticarət” layihəsini təqdim edib. Yeniliyə görə, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.

Azərbaycan gömrük xidməti mütəxəssislərinin hazırladığı layihə mobil və veb formatda fəaliyyət göstərir. Ondan faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompyuterə yüklədiyi  “Smart customs” tətbiqi vasitəsilə “ASAN Login”lə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması lazımdır. Komitənin açıqladığı məlumata görə, sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac qalmayacaq. Belə ki, sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq. Hərçənd ki, əvvəllər xaricdən edilən sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limitdən çox olduğu halda şəxslər gömrük orqanına getməli, yazılı formada bəyannamə təqdim edərək bir neçə proseduru həyata keçirməli idi.

Dövlət Gömrük Komitəsində belə hesab edirlər ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq. Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, gömrük əməkdaşı ilə təmasda olmadan bütün gömrük əməliyyatlarını həyata keçirə biləcək.

Artıq yeniliklə bağlı sosial şəbəkələrdə müzakirələr getməkdədir: kimisi “Smart customs” tətbiqinin istifadəsini asan hesab etmədiyi kimi, kimisi də  “ASAN Login”ini azqala əlçatmaz hesab edir.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə sözügedən tətbiqi müsbət addım kimi qiymətləndirib: “Smart customs-da xidmətdən istifadəni Android platforması üzərindən test etdim. “ASAN imza” və həmçinin FİN-lə qeydiyyatdan keçdim. Elə bir ciddi səhvlərlə rastlaşmadım. Formaları doldurmaq da asandır”. 

“ASAN  Login”ə gəlincə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən bu  sistem qurumlar tərəfindən göstərilən elektron xidmətlərdən istifadə etmək üçün yaradılmış vahid giriş sistemidir.

Sistemin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, vətəndaş https://asanlogin.my.gov.az portalında bir dəfə qeydiyyatdan keçməklə sistemə inteqrasiya olunmuş bütün digər qurumların elektron sistemlərinin və portallarının xidmətlərindən asanlıqla yararlana bilir. Beləliklə, vətəndaşların işi sadələşir, müxtəlif portallarda qeydiyyatdan keçməyə, müxtəlif  istifadəçi adı və parolları yadda saxlamağa ehtiyac qalmır. Vətəndaş “ASAN Login” sisteminə daxil olduqda inteqrasiya olunmuş bütün sistem və portallara avtomatik giriş edə, hər hansı birindən çıxdıqda isə bütün sistemlərdən çıxış edə bilir.

Ceyhun Piriyev, “İki sahil”