12 dekabr 2019 10:47
2072

Xarici siyasət strategiyasında Heydər Əliyev dəst-xətti

Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikanın qarşısında duran prioritet məsələlərdən biri də milli mənafe əsas tutulmaqla xarici siyasət strategiyasının reallaşdırılması idi.

Çox da uzaq tarix olmadığı üçün hamımız yaxşı xatırlayırıq, həmin dövrdə ölkə çətin, hətta çıxılmaz durumda idi. Bir tərəfdən ölkənin ağır sosial-iqtisadi durumu fonunda mənsəbpərəstlərin kreslo davası, digər tərəfdən bədnam qonşularımızın əsassız ərazi iddiaları və bununla bağlı başladıqları elan olunmamış müharibə Azərbaycanın mövcudluğunu faktiki olaraq sual altına almışdı.  

Ölkəni ağır vəziyyətdən çıxarmaq üçün praqmatik xarici siyasət strategiyasının müəyyənləşdirilib həyata keçirilməsi artıq ölüm-qalım məsələsinə çevrilmişdi. Məhz belə bir  önəmli vaxtda - 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ilk günlərdən etibarən ölkənin strateji maraqlarını əldə rəhbər tutaraq Azərbaycanın xarici siyasət kursunu yenidən formalaşdırmaq yolunda səylə işə başladı.

Ulu Öndər o zaman çıxışlarının birində bəyan etdi ki, Azərbaycanın sağlam, düşünülmüş, uzaqgörən xarici siyasəti olmalıdır. Bununla da Ümummilli Lider ölkəmizin xarici siyasət kursunun əsas müddəalarını müəyyənləşdirmiş oldu:  “Elə xarici siyasət olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin.”

Ulu Öndərin bu sahədə ən böyük xidmətlərindən biri həmin dövrdə əvvəlki hakimiyyətin yürütdüyü özünütəcrid xəttini tamamilə aradan qaldırıb milli maraqları önə çəkmək idi. Ümummilli Lider haqlı olaraq özünütəcrid siyasətini  “özümüzün özümüzə vurduğumuz zərbə” adlandırırdı.

Ulu Öndərin xarici siyasətdə  əsas prioritet kimi müəyyənləşdirdiyi istiqamət Ermənistanın ölkəmizə qarşı davam edən təcavüzünün qarşısının alınması və müharibənin dayandırılması idi.  Bu istiqamətdə aparılan ən mühüm işlərdən biri də erməni təcavüzünün mahiyyətini, ermənilərin vəhşiliklərini dünyaya yaymaq, Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi. Münaqişənin həlli istiqamətində ən mühüm addımlardan biri 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edilməsi oldu. Həmin dövrlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə başqa bir dövlətin ərazisinin güc tətbiq etmək yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi vurğulanaraq Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi kimi tanınıb, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin qeyd-şərtsiz çıxması çağırışı əksini tapıb. Bu gün dövlət başçısı İlham Əliyev münaqişənin dinc yolla həlli istiqamətində Ulu Öndərin sülh siyasətini dəstəkləyən səylər göstərir. Amma bununla yanaşı, Ermənistan danışıqlar masasında destruktiv mövqe sərgiləməyə davam edərsə, Prezident Azərbaycanın öz torpaqlarını hərbi yolla işğaldan azad edəcəyini də istisna etmir.

Hakimiyyətdə olduğu müddətdə yaxın xariclə münasibətləri qaydaya salmaq, əlaqələri bərpa etmək Ulu Öndərin əsas hədəflərindən idi. Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması bu istiqamətdə reallaşdırılan əsas uğurlu addımlardan biri idi. Təşkilata  daxil olan postsovet respublikaları ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparılmaqla iqtisadi, ticarət və mədəni əməkdaşlıq ön plana çəkildi. 

Azərbaycanın tarixən bağlı olduğu Rusiya ilə münasibətlərində uğurlu dialoq və anlaşma mühitinin yaranmasının, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olduğunu bilən Ulu Öndər  şimal qonşumuzla əməkdaşlığa həmişə böyük önəm verib. İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin xüsusi rolu və xidmətləri danılmazdır.

Dünyanın super dövləti sayılan ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində də Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulamaq lazımdır. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması  Azərbaycanla Qərb arasındakı münasibətlərdə müsbət mənada dönüş nöqtəsi idi. Bununla da fövqəldövlətdə Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, onun problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Məhz buna görə də ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişənin dinc yolla həllini tapmasına tərəfdar olduğunu bəyan etdi. Məhz Ulu Öndərin qətiyyəti sayəsində illər boyu xalqımızın haqlı narazılığına səbəb olan “Azadlığı Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”in icrası donduruldu. Həmin sağlam təməl üzərində atılmış xarici siyasət strategiyası nəticəsində ABŞ hazırda da Azərbaycanla mövcud əlaqələrin daha da genişlənməsində və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşməsində maraqlı tərəfdir.

Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi, qardaş ölkənin beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdarı kimi çıxış etməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ölkəmizin göstərdiyi səyləri dəstəkləməsi də hələ Ulu Öndərin vaxtında əsası qoyulan “Bir millət, iki dövlət” sloqanlı uğurlu siyasətin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu daha da təkmil şəkildə gerçəkləşdirməsi nəticəsində  hazırda hər iki qardaş ölkə regionda söz sahibi olan güclü dövlətlərdəndir.

Ulu Öndər həmçinin İran və Gürcüstanla xalqlarımızın mənafeyinə cavab verən mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafına nail olub.

Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri - Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması,  Belçika Krallığı, Hollandiya, Norveç və digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Heydər Əliyev xarici siyasətinin özünəməxsus dəst-xəttinin parlaq təzahürü idi. 

Heydər Əliyevin uğurlu xarici siyasət fəaliyyətinin daha bir istiqaməti BMT, ATƏT, Avropa Şurası, MDB, GUAM, İKT, QİƏT, İƏT kimi beynəlxalq təşkilatların üzvü olmaqla bərabər, Avropa İttifaqı, NATO, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və digər təşkilatlarla da fəal əməkdaşlıq qurması idi.

Həmin dövrdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi böyük layihələr nəinki region miqyasında, eləcə də bütün Avrasiya məkanı üçün xüsusi əhəmiyyətə malik idi.

Əlbəttə, Ulu Öndərin xarici siyasət sahəsindəki titanik fəaliyyətini bir yazıya sığışdırmaq mümkünsüzdür. Sonda mətləbi ümumiləşdirsək, hazırda dahi lider Heydər Əliyevin xarici siyasət kursunu davam etdirən  Prezident İlham Əliyevin yüksək diplomatik məharəti sayəsində Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq arenada cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. İndi Azərbaycan çətin geosiyasi mühitdə müstəqil xarici siyasət yürüdən nadir ölkələrdəndir. Hazırda Azərbaycan bütün regional məsələlərdə əsas iştirakçıdır və regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız reallaşa  bilməz.  Əsası Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasət strategiyası özünəməxsus dəst-xətti qorumaqla bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək ölkəmizin daha da qüdrətlənməsinə xidmət edir.

Sevinc Abdullayeva, “İki sahil”