11 fevral 2020 15:33
845

Xətainin Mirzə Davud küçəsində yağış kollektoru inşa edilib - FOTO

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması məqsədilə növbəti layihənin icrasını yekunlaşdırıb. Bakı şəhəri Xətai rayonu Mirzə Davud küçəsində yeni yağış kollektoru inşa edilib.

Mirzə Davud küçəsi və ətraf ərazilər relyef baxımından çökəklikdə yerləşdiyindən intensiv yağıntılar zamanı burada ciddi subasma halları qeydə alınırdı. ərazidən ötən əsrin ortalarında inşa edilmiş 700 mm diametrli mövcud kollektor istismar tələblərinə cavab vermədiyindən intensiv yağıntılar zamanı sular ətraf əraziyə axırdı. Küçələrə, evlərin həyətlərinə və zirzəmilərə su yığılması sakinlər üçün narahatlıq yaradırdı. 

Bütün bunlar nəzərə alınaraq, 1200mm diametrli “8-ci kilometr” kollektorunun Xətai rayonu Mirzə Davud küçəsindən keçən hissəsindən dənizə yeni çıxış xəttinin verilməsi üçün layihələndirmə işləri aparılıb. Tikinti-quraşdırma işlərinə  2019-cu ilin sonlarında başlanılıb və qısa müddətdə işlər başa çatdırılıb. Layihə çərçivəsində 1200 mm diametrli borularla 400 metrdən çox kollektor inşa edilib. Kollektor üzərində 3 ədəd dönmə, 3 ədəd birləşmə quyusu tikilib. Mirzə Davud küçəsindəki yaşayış evlərinin kollektora qoşulmasını təmin etmək üçün məhəllədaxili xətlər çəkilib. Ərazidəki mövcud qoşulma quyuları bərk tullantılardan təmizlənib. Xəndəklər qazılarkən ərazidəki yararsız halda olan qrunt kənara daşınaraq əvəzində 800 kubmetr həcmində texnoloji qruntla bərkitmə işləri aparılıb.  

Yeni yaradılan infrastruktur istismara veriləndən sonra yağış sularının yığılma təhlükəsi aradan qaldırılıb. Layihələrin icrası ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.   

Orxan Vahidoğlu, "İki sahil"