15 iyul 2019 20:28
1505

Xəyanətkar, riyakar...

Düşmən dəyirmanına su tökən əli kərimlilərdən dövlətin, xalqın maraqlarına uyğun addım gözləmək sadəlövhlük deyilmi?

Azərbaycanın uğurlarını həzm etməyən xarici antiazərbaycan qüvvələrin  öz çirkin məqsədlərini həyata keçirmək üçün  daxili bədxahlarımızdan bir vasitə kimi bəhrələnmələri məlum olaylardandır. Siyasi qul imiclərini xəyanətkar əməlləri ilə  zaman-zaman daha da zənginləşdirən bu ünsürlər ictimai diqqəti özlərindən yayındırmaq üçün nə qədər dəridən-qabıqdan çıxsalar da heç gözləmədən ortaya çıxan hansısa bir məqam onların bu cəhdlərini mümkünsüz edir.

AXCP sədri Əli Kərimlinin “Meydan TV”-yə müsahibəsində ermənilərə dəstəyi, Azərbaycana isə qərəzi  ortaya  qoyan fikirləri ona qarşı bü günə qədər formalaşmış mənfi rəyi birə on qat artırdı. Belə ki, həmin müsahibədə  Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın  dəyişməz mövqeyi arxa plana keçirilərək, ermənilərə xoş gələn  ifadələrə üstünlük verilmişdir. Bu  məqam da diqqətdən kənarda qalmamışdır ki, ümummilli məsələlərin həllində əhəmiyyətli rol oynayan   hakimiyyət-müxalifət dialoqunun gərəksizliyi  vurğulanaraq,  erməni diasporunun dəstəyi əsasında fəaliyyət göstərən Qərb qurumlarından sifariş gözlənildiyinə  işarələr vurulmuşdur.

Həmin müsahibədə Azərbaycan zəif, Ermənistan isə güclü dövlət kimi təqdim edilmişdir. Ən əsası Azərbaycan Ordusunun gücünə, qüdrətinə inamsızlığın formalaşdırılmasına edilən cəhdlər diqqətdən kənarda qalmamışdır. Belə mövqe tutan  bir şəxsin  özünü  Azərbaycan vətəndaşı kimi təqdim edib vətəndaşlıq təəssübkeşliyindən çıxış etməsi nə dərəcədə  real görünə bilər?

Ə.Kərimlinin bu ilin yanvarında  20 Yanvar hadisələri, onun ardınca Xocalı soyqırımının anım günündə  özünü vətənpərvər  ruhda göstərmək cəhdi də   bu müsahibəsində söylədiklərinin fonunda daha aydın nəzərə çarparaq, ssenarilərin müəllifinin kimlər olduğuna işıq saldı.

Daim vurğulandığı kimi, ümummilli məsələlərdə iqtidar-müxalifət münasibətləri bir kənara qoyulub ümumi mövqe ortaya qoyulmalıdır. Amma arxada qalan illərə diqqət yetirdikcə dağıdıcı  düşərgənin təmsilçilərinin, xüsusilə Əli Kərimlinin bu kimi məqamlarda bir bəhanə ilə kənara çəkilməsi diqqətdən kənarda qalmayıb. Amma  bir az çətinə düşən kimi, yaxud  ictimai fikirdə “biz də varıq” demək naminə dərhal hakimiyyəti Dağlıq Qarabağ probleminin həlli prosesinin uzanmasında  ittiham etməyə, özlərini xalqa yaxın, ən əsası vətənpərvər göstərməyə çalışırlar.

Əli kərimlilərin düşmən dəyirmanına su tökdüyünü təsdiqləyən xeyli sayda faktları ortaya qoymaq olar. Bir müddət öncə  Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil sosial şəbəkələrdə Azərbaycan dövləti, xalqı barədə qərəzli fikirləri ilə gündəmdə oldu.  Radikal qütbün təmsilçiləri, xüsusilə də Əli Kərimli  süstlüyü ilə diqqət çəkdi. Yuxarıda qeyd etdiyimiz kimi, ümummilli məsələlərdə birliyin tərəfdarı, vətənpərvər kimi özlərini ictimai fikrə sırımaq üçün Xocalı soyqırımının anım günündə, həmçinin 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində görünüb, açıq-aşkar qarşıdurma yaratmaqda və bunu beynəlxalq təşkilatlara ünvanlamaqda  maraqlı olan əli kərimlilər   Steynar Gilin dövlətimizə, xalqımıza yönələn qərəzli açıqlamalarına, ən əsası erməni dəstəyinə susmaqla, biganəliklə  münasibət bildirdilər.  S.Gilin radikal müxalifətin yaxın dostu, daha dəqiq desək, ölkədə qarşıdurma yaratmaq ssenarisinin müəllifi olduğu heç kəsə sirr deyil. Səfirlik missiyasının mahiyyətinin nədən ibarət olduğunu son anınadək  zərrə qədər dərk etməyən bu şəxsin məqsədi ancaq və ancaq dağıdıcı müxalifətlə və “hüquq müdafiəçiləri”   ilə gizli görüşlər keçirmək, onları təlimatlandırmaq idi. S.Gil 2016-cı ilin aprel hadisələrindən sonra sosial şəbəkədə paylaşmışdır ki, guya Azərbaycan hərbçiləri  məhv etdikləri düşmən  əsgərlərinin meyitlərinə qarşı alçaldıcı hərəkətlər ediblər. Aparılan araşdırmalar nəticəsində bəlli olmuşdur  ki,  paylaşılan şəkil Azərbaycan hərbiçisinə məxsus deyil.  Cari ildə isə S.Gil guya azərbaycanlıların erməni qəbirlərini dağıtdığını yazdı, hətta bir qədər də irəli gedərək ermənilərin tarixi saxtalaşdırma xəstəliklərinə dəstək olaraq, ermənilərin soyqırımına məruz qaldıqlarını əsassız şəkildə qeyd etdi. S.Gilin bu ünsürlərlə  dostluğundan əlavə ermənilər və ermənipərəst qüvvələrlə işbirliklərindən qaynaqlanan həmrəyliklərini də  təsdiqləyən xeyli faktlar mövcuddur. Əkrəm naibovlara, rüstəm ibrahimbəyovlara erməniləri müdafiə etdiklərinə görə dəstək olan əli kərimlilər S.Gilə daha böyük qucaq açaraq erməni sevgisini ortaya qoydular. Qanında azərbaycanlı  qanı axan “sapı özümüzdən olan baltalar” erməniləri müdafiə etmək yolunu tutmaları ilə riyakarlıqlarını, öz şəxsi ambisiyalarını dövlətin, xalqın maraqlarından üstün tutduqlarını etiraf edirlər.

Hər zaman vurğulandığı kimi, insanın xarakteri, keyfiyyətləri zaman-zaman deyil, elə dünyaya gəldiyi andan formalaşır. Demək “sapı özümüzdən olan baltalar”ın   erməni sevgisi də dünənin, bu günün işi deyil. Vətəndaşlıq təəssübkeşliyi  olan  şəxs  hadisələrin təhrifindən vicdan əzabı çəkər,  təkcə Xocalı soyqırımını xatırlamaqla şəxsi ambisiyalarının quluna çevrilmələrindən, Vətənə xəyanət əməllərindən utanc hissi keçirərlər. Lakin hadisələrin cərəyan etməsindən  görünür ki, belə  keyfiyyətlər mənliyini itirmiş,  ermənilərin, erməni diasporunun əlində  bir vasitəyə çevrilmiş  düşmən dəyirmanına su tökənlər üçün  yaddır. 200 illik tarixi öyrənməyə ehtiyac yoxdur. Ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən rəsmi Bakı bir qarış  torpağımızın belə  düşmənə verilməyəcəyini bildirir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Bu mövqeyimizi beynəlxalq səviyyədə dəstəkləmək əvəzinə,  erməniləri müdafiə etmək, ordumuzun gücünə şübhələr yaratmağın bir adı var- xəyanətkarlıq, riyakarlıq.

Yeganə Əliyeva, “İki sahil”