02 mart 2020 20:34
3703

Xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək

“Könüllülər ili” gənclərimizə bu ənənələri aşılamaqla yanaşı, onların fəaliyyət istiqamətlərini genişləndirmələrinə də stimul verir

Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində dayanan əsas məsələlərdən biri gənclərimizin milli ruhda tərbiyə olunması, keçmişi öyrənmək və gələcəyə bu prinsiplər əsasında addımlamaq çağırışıdır. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Azərbaycan zəngin tarixi, milli-mənəvi dəyərləri, ənənələri ilə dünyada tanınır, böyük nüfuz qazanır.

Məhz bunun nəticəsidir ki, ölkəmiz ötən il UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etdi. Bu kimi tədbirlər Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə yanaşı, gənclərimizin daha da inkişafına, keçmişimizlə bugünümüzün vəhdətinin yaradılması fonunda öz bilik və bacarıqlarını artırmalarına, ölkəmizin dünyada tanınması üçün daha səylə çalışmalarına geniş imkanlar yaradır. Bu məqamı da nəzərə alaq ki, ölkəmizdə gəncləşmə siyasəti həyata keçirilir. Gənclərin potensial imkanlarından səmərəli istifadə etmək, təcrübə ilə gəncliyin dinamizmi arasında vəhdət yaratmaq qarşıya mühüm vəzifə kimi qoyulub. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi də bu məqsədə xidmət edir. Sənəddə də qeyd olunduğu kimi, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Ölkə Prezidenti İlham Əliyev ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlardan, həyata keçirilən kadr islahatlarından bəhs edərək, hazırda Azərbaycanda gəncləşmə siyasətini zəruri edən səbəbləri diqqətə çatdırır: “Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik... Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik.”

Gənclərin elmi biliklərini artırmalarının, təhsilin inkişafının priorititliyi hər zaman önə çəkilir. Bugünkü dünyada bilik, savad ön plandadır. Bu gün dünya o qədər sürətlə inkişaf edir, texnologiyalar o qədər sürətlə irəli gedir ki, bilik, savad olmadan həyatda öz layiqli yerini tapmaq çox çətindir.

Əvvəldə də qeyd etdiyimiz kimi, günümüzün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün keçmişimizlə bugünümüzün vəhdətini yaratmalıyıq. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşır, tarixin sınaqlarından şərəflə çıxması ilə fəxr edir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır. 102 ilə yaxın yol qət edən Azərbaycan demokratiyasının reallıqlarına yalnız bir gün deyil, daim nəzər salıb fəxr etməliyik ki, xalqımız aciz deyil, qəhrəmanlıqla dolu keçmişi vardır. Bu keçmişi öyrənmək, təbliğ etmək hər bir Azərbaycan vətəndaşının, xüsusilə də gənclərimizin borcudur. 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi də tariximizə, dövlətçiliyimizə, ədəbiyyatımıza, milli-mənəvi dəyərlərimizə, dilimizə bağlılığımızın təsdiqidir. Hər bir xalqın, millətin təqdimatında onun dili, milli- mənəvi dəyərləri əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışdır.

Ölkəmizin ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq forumlarında da daim bu məqam önə çəkilir ki, müxtəlif mədəniyyətlərin, dinlərin qovşağında yerləşən Azərbaycan xalqlar, dövlətlər arasında körpü roluna yeni əlavələr etməklə beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir.

Müasir dövrün informasiya kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar da təqdirəlayiqdir. Yeni texnologiyalardan bəhs edərkən ilk olaraq göz önünə müasir düşüncəli gənclik, yüksək ixtisaslı kadrlar gəlir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir.

Yeni texnologiyaların tətbiqini bacaran kadrların yetişdirilməsi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür. Gənclər onlara göstərilən diqqət və qayğı fonunda Azərbaycanın yeni-yeni hədəflərə doğru inamla irəliləməsinə öz töhfələrini verməyə səy göstərirlər. Ölkə əhalisinin 2,8 milyon nəfərini, yəni 28,1 faizini gənclər təşkil edir. Onların hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında fəallıqlarının artırılmasının prioritetliyi dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlardan daha aydın görünür.  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılmasına, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir.

2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi də gənclərə diqqət və qayğının bir tərkib hissəsidir. Ayrı-ayrı strukturlarda yaradılan könüllülər qrupu gənclərimizin fəaliyyət istiqamətlərini daha da genişləndirmələrinə, onların inkişafına böyük imkanlar yaradır. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verirlər. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, könüllülük hərəkatı “ASAN xidmət”dən başlayıb.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın könüllülük hərəkatının inkişafına töhfələri də davamlılığı ilə diqqət çəkir. “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar” fikirləri ilə fəaliyyətinin ümumi mənzərəsini yaradan Mehriban xanım Əliyeva bir tərəfdən humanizm, mərhəmət, xeyriyyəçilik və qayğıkeşliyi özündə ehtiva edir, digər tərəfdən Heydər Əliyev Fondunun prezidenti kimi elm, ədəbiyyat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən yüzlərlə dəyərli layihənin, mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği proqramlarının müəllifidir. 2017-ci ilin fevralından isə Azərbaycanın Birinci vitse-prezidenti kimi təkmil islahatlarla, mühüm addımlarla davamlı inkişafa, gələcəyimiz kimi dəyərləndirilən gənclərin öz potensial imkanlarını ortaya qoymalarına öz töhfəsini verir.

Bu gün Azərbaycan gəncinin səsi dünyanın müxtəlif ölkələrindən gəlir. Gənclərin elmdə, təhsildə, idmanda, musiqi yarışmalarında qələbələri Azərbaycanın təqdimatında əhəmiyyətli rol oynayır. Bir mühüm məqamı da qeyd edək ki,  Azərbaycan müharibə şəraitində yaşayır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini şərtləndirən əsas amillərdən biri təbii ki, diplomatik mübarizədə qələbədir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu günümüzün prioritet məsələsidir. Bir əsas məqamı da unutmamalıyıq ki, informasiya-kommunikasiya texnologiyaları əsrində yaşayırıq. Gənclərimiz İKT-nin imkanlarından səmərəli istifadə edərək, həqiqətlərimizin təbliğinə  böyük töhfələr verməklə yanaşı, “Vətən mənə oğul desə nə dərdim”, həmçinin “Torpaq, əgər uğurunda ölən varsa, Vətəndir” kimi prinsipləri fəaliyyətlərinin önündə saxlayaraq işğal altındakı ərazilərimizin azad edilməsi üçün  ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hücum əmrinə hər zaman hazır olduqlarını bildirirlər. Bu gün gənclərimizin böyük əhval-ruhiyyə ilə hərbi xidmətə getmələri də onlarda vətənpərvərlik hisslərinin nə qədər böyük olduğunu ortaya qoyur. Ümummilli lider Heydər Əliyevin vaxtilə söylədiyi proqram xarakterli “Gənclərimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” tezisi bütün dövrlərdə öz aktuallığını qoruyur.

Yeganə Əliyeva, “İki sahil”