29 yanvar 2019 15:06
166

“Xəzər beşliyi” ölkələri bizim mehriban tərəfdaşlarımızdır

Xəzərin Hüquqi Statusu haqqında Konvensiyada nəzərdə tutulduğu kimi, bu regionda vəziyyətə görə yalnız “Xəzər beşliyi” ölkələri (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) məsuliyyət daşımalıdır.

AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu fikri Həştərxan vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovla görüşdə söyləyib.

Nazir deyib: “Rusiya ilə bərabər “Xəzər beşliyi”nin iştirakçıları olan dörd ölkənin hamısı – Azərbaycan, Qazaxıstan, İran və Türkmənistan xarici siyasətin başqa istiqamətləri üzrə bizim mehriban tərəfdaşlarımızdır. Biz çox istəyirik ki, Xəzər regionu, Konvensiyada nəzərdə tutulduğu kimi, orada baş verən bütün hadisələrə görə “Xəzər beşliyi”nin məsuliyyət daşıdığı region kimi qalsın”.

S.Lavrov onu da qeyd edib ki, RF XİN Rusiya regionlarının, ilk növbədə Həştərxan vilayətinin bu işə töhfəsini yüksək qiymətləndirir.

Sergey Morozov isə öz növbəsində bildirib ki, Həştərxan vilayəti qonşu dövlətlərlə əlaqələri davam etdirir. Məsələn, regionun nümayəndə heyəti mart ayında Türkmənistana səfər etməyi planlaşdırır, Azərbaycan və Qazaxıstan ilə fəal qarşılıqlı əlaqələr davam edir.