12 avqust 2020 14:40
1213

Xəzərdə “Qarabağ”ın qüdrəti

Altı aydan artıqdır ki, koronavirus bəşəriyyətin başı üzərini alaraq öz acı fəsadlarını törəməkdədir. Dünyanın ən qüdrətli dövlətləri hələ də bu qara kabusun cəngindən xilas ola bilmir. Bu müddət ərzində çoxlu sayda insan dünyasını dəyişmiş, yoluxma sürətlə yayılmış, iqtisadiyyat çökmüş, hətta dövlətlərarası diplomatik əlaqələr də kəsilmişdir. Azərbaycan da dünyanın bir parçası kimi pandemiyanın törətdiyi zərərdən kənarda qala bilməzdi. Ancaq dövlət başçımızın düşünülmüş qabaqlayıcı tədbirləri nəticəsində ölkəmiz qüdrətli dövlətlərlə müqayisədə az itki vermiş və pandemiyanın geniş yayılmasının qarşısı alınmışdır.

Koronavirusun tüğyan etməsinə baxmayaraq, respublikamızda nəzərdə tutlan sosial layihələrin, o cümlədən iri infrastruktur proqramların icrası dayandırılmamışdır. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həmin layihələrin reallaşdırılması tədbirlərində, habelə yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak etmələri əhalinin rifahının yaxşılaşdırılmasının və ölkəmizin beynəlxalq aləmdəki əlaqələrinin daha da möhkəmləndirlməsinin daim diqqət mərkəzində saxlanıldığından xəbər verir.

Ümumiyyətlə, son 17 il ərzində həyata keçirilən uğurlu daxili və xarici siyasət əhalinin həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı dönüş yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmləndirilməsi mənafeyinə xidmət göstərmişdir. Prezident İlham Əliyev bu müddət ərzində müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik və hücum taktikasına əsaslanmaqla davam etdirir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənir. Eyni zamanda, ölkəmiz müstəqil dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişafının tərəfdarı kimi çıxış edir.

Nəzərdə tutulan sosial proqramların uğurlu icrası, bir sıra beynəlxalq tədbirlərin videokonfrans formatında keçirilməsi ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Ümumilikdə, son üç ayda dövlət başçısının iş qrafiki çox gərgin olmuşdur. Belə ki, Prezident İlham Əliyev təxminən 40 –a yaxın tədbirdə iştirak edib. Bu tədbirlərin ən azı 30- u sosial proqramların icrası ilə əlaqədar olmuşdur.

Avqustun 10-da daha bir mühüm əhəmiyyət kəsb edən tədbirin şahidi olduq. Həmin gün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda Prezident İlham Əliyevin iştirakı ilə SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulan “Qarabağ” dayaq bloku dənizə yola salınma mərasimi keçirildi. Bu mərasim həm də Xəzərdə “Qarabağ”ın qüdrəti kimi də qiymətləndirilir.

Onu da qeyd edim ki, Azərbaycanda inşa edilmiş və ən böyük qurğu olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi əlamətdar hadisədir. Bu layihə bir daha göstərir ki, pandemiya bəşəriyyətin başı üzərini alsa da, Azərbaycanın iqtisadi siyasəti etibarlı əllərdədir. Bu da xarici neft şirkətlərinin ölkəmizin neft-qaz sənayesinə və potensialına marağı daha da artırır. Bu blokun böyük əhəmiyyət kəsb etməsinin digər səbəbi də var. Texnoloji baxımdan nəhəng və mürəkkəb konstruksiya olan “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi Azərbaycanın iqtisadi stratetigiyasının düşünülmüş şəkildə həyata keçirildiyindən xəbər verir. Bu blokun yenidən bərpa olunaraq istifadəyə verilməsinin iqtisadi əhəmiyyəti ilə yanaşı siyasi əhəmiyyəti də var. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına verdiyi müsahibsində də bu layihənin siyasi əhəmiyyətinidən söhbət açdı. Qarabağ” dayaq blokunun dənizə yola salınmasının çox əlamətdar hadisə olduğunu bildirən ölkə başçısı bu nəhəng qurğunun Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edildiyini vurğuladı və artıq dənizə yola salındığını diqqətə çatdırdı.

Bu dayaq blokunun göndərildiyi yataq hamımız üçün doğma və əziz olan Qarabağ adını daşıyır. Dövlətimizin başçısı bu məqamı da xüsusi vurğulayaraq dedi ki, bu, rəmzi məna daşıyır. Çünki Azərbaycan xarici tərəfdaşlarla bir çox yataqlar üzrə kontraktlar imzalamışdır. Ancaq heç də onların hamısı səmərə verməmişdir. Artıq bir çoxlarının icrası dayandırılıb, onların icrasına xitam verilib, qazılmış quyular ümidləri doğrultmayıb. “Qarabağ” yatağının işlənməsinə gəldikdə isə burada böyük potensialın, zəngin neft və qaz ehtiyatlarının olması hər kəsdə əminlik yaradır.

Dövlət başçısı 1990-cı illərdə üç quyu qazıldığını və xarici tərəfdaşların bunların gələcək investisiya üçün səmərəsiz olacağını və bununla da “Qarabağ” yatağının tərk edildiyini xatırlatdı. Artıq bu fikirlərin yanlışlığı özünü açıq şəkildə büruzə verdi. Hazırda Azərbaycanın vaxtilə - 1990-cı illərdə tərk edilmiş “Qarabağ” yatağına qayıtması böyük əhəmiyyt kəsb edir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissədir. Bunu artıq dünya birliyi də etiraf edir. Bu ərazilərimiz düşmən işğalında olsa da, gec –tez azad ediləcək. Artıq Azərbaycan Ordusu öz gücünü, qüdrətini düşmənlərimizə göstərir və işğal altındakı ərazilərimizi azad edir. Dövlətimizin başçısı da müsahibəsində bunu xüsusi olaraq vurğuladı və dedi ki, biz 2016-cı ildə torpaqlarımızın bir hissəsini qaytardıq, işğalçıları o torpaqlardan qovduq və o ərazilərə həyat qayıtdı, vətəndaşlar qayıtdı, Azərbaycan qayıtdı. Ölkə başçısı bir daha qətiyyətlə və əminliklə bildirdi ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş “Qarabağ” yatağına qayıdırıq, eyni qaydada, biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Çingiz Qənizadə,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru