09 avqust 2019 13:44
101

“Xəzərin mühafizəsində birik, birlikdəyik”

Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” adlı təmizlik aksiyası keçirilib

Avqustun 9-da Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təşkilatçılığı ilə Xəzər dənizinin Buzovna sahilində “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında kütləvi təmizlik aksiyası keçirilib. 

"Xəzər günü" ərəfəsində keçirilən və yüzlərlə insanın qatıldığı aksiyada məqsəd təkcə dəniz sahilini plastik və məişət tullantılarından təmizləmək deyil, həm də insanların çimərliklərin təmiz saxlanılmasına dair cəmiyyətə çağırışı, Xəzərin çirkləndirilməsinə etirazıdır.

Aksiyada YAP üzvlərinin və nazirliyin əməkdaşları ilə birgə millət vəkilləri, ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, könüllülər iştirak ediblər.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov təmizlik aksiyasının əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında yürüdülən uğurlu siyasətdən bəhs edib, dövlət başçısının ekoloji məsələlərə xüsusi diqqət yetirdiyini bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

Tədbir incəsənət xadimlərinin çıxışı ilə davam edib.

Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədi ilə baş tutan aksiyada 10 hektar ərazi tullantılardan təmizlənib, tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

Xatırladaq ki, 2006-cı ildə Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd edilir.