07 fevral 2019 11:15
170

XİN: Ukraynalı telejurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb

Ukrayna vətəndaşı teleaparıcı Nadia Baziv Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət etdiyini bildirən N.Baziv gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini müraciətində qeyd edib.

Habelə sözügedən şəxs gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib.

Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və Nadia Bazivin adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.