26 fevral 2020 19:27
3388

Xocalı faciəsi ən dəhşətli vandalizm aktlarından biridir

Azərbaycan xalqı zaman-zaman ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yarandı. Hazırda 20 faiz torpaqlarımız işğal altında, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq kimi sərsəm ideyalarını gerçəkləşdirmək  istəkləri yüzlərlə  kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnsə də dünyanın bu günədək baş verənlərə biganə yanaşması, daha dəqiq desək, ikili siyasət yeridərək ədalət prinsipini arxa plana keçirməklə ermənilərə dəstək funksiyalarından əl çəkmək barədə düşünməmələri narazılıq doğuran əsas məqamlardandır.

Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara  və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini  önə çəkərək, dünya dövlətlərinin bu hadisələrə göz yummalarına narazılığını ifadə edərək, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini nə üçün soyqırım kimi tanımamalarının səbəbini açıqlamalarının gərəkliyini bəyan edir: “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub,  yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı  bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında qərar qəbul edirlər.” Ölkə Prezidenti bu yalan təbliğata qarşı öz siyasətimizi,  həqiqətlərimizi, ən əsası  gücümüzü ortaya qoymağın vacibliyini bəyan edib.  Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının vəzifəsi olmalıdır.

Ölkəmiz 30 ildən artıqdır ki, müharibə şəraitində yaşayır. Ötən dövr ərzində erməni vəhşiliyini, Ermənistanın işğalçılıq siyasətini təsdiqləyən yüzlərlə faktlar aşkarlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. 20-ci əsrin ən dəhşətli faciəsi olan, bu gün 28-ci  ildönümü qeyd edilən Xocalı soyqırımı  cinayətkar erməni siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin 17 yanvar 2020-ci il tarixli “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında” Sərəncamında da qeyd edildiyi kimi, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin 19-20-ci əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə  siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentarilərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə  ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.

Bu gün qarşımızda duran əsas məqsəd faciənin soyqırımı olduğunu dünya ictimaiyyətinə qəbul etdirməkdir. Əksər dövlətlərin parlamentləri, ABŞ-ın bir sıra ştatları, beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırım kimi qəbul edən qətnamələr qəbul ediblər.  Bu tanınmada  2009-cu ildən həyata keçirilən  və  İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən irəli sürülən “Xocalıya ədalət!”  beynəlxalq kampaniyasının rolunu da xüsusi qeyd etməliyik. 

Tariximizin öyrənilməsi, tarixi faktların araşdırılaraq ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixçilərimizin qarşısında mühüm vəzifə kimi qoyulur. AMEA-nın Tarix İnstitutunun bu istiqamətdə gördüyü işlər yüksək dəyərləndirlir. Yalnız faktların dili ilə yazılan xeyli sayda kitablar çap olunub. Bu gün onların müxtəlif dillərə tərcümə olunaraq  yayılması istiqamətində mühüm işlər görülür. AMEA-nın illik ümumi yığıncağında dövlətimizin başçısı İlham Əliyev bu sahədə qarşıda duran vəzifələri və həlli yollarını açıqlamışdır.  

Əvvəldə də qeyd etdiyimiz kimi, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Heydər Əliyev Fondu tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, video disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti,  İslam Konfransı  Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış  “Xocalıya ədalət-Qarabağa azadlıq!” kampaniyası dəstəklənərək hər il 26 fevral tarixi  İKT ölkələrində humanitar fəlakət qurbanlarının xatirələrinin anma günü kimi qeyd olunur. Hazırda bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir, ermənilərin vəhşiliyi faktlarla beynəlxalq ictimaiyyətə çatdırılır.

Cavid Əkbərov, “İki sahil”