18 fevral 2020 20:09
1421

Xocalı soyqırımı: Azərbaycan tarixinin ən faciəli səhifəsi

Azərbaycan xalqı zaman-zaman  ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmış,   tarixi torpaqlarından qovulmuş, qaçqın və  məcburi köçkün vəziyyətinə düşmüşdür. 1988-ci ildə ermənilərin əsassız torpaq iddiasının yenidən baş qaldırmasının nəticəsi olaraq  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yarandı. Hazırda 20 faiz torpaqlarımız işğal altında, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Ermənilərin “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq  ideyalarını gerçəkləşdirmək  istəkləri yüzlərlə  kəndin, şəhərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnsə də dünyanın bu günədək baş verənlərə biganə yanaşması, daha dəqiq desək ikili siyasət yeridərək ədalət prinsipini arxa plana keçirməklə  ermənilərə dəstək funksiyalarından əl çəkmək barədə düşünməmələri narazılıq doğuran əsas məqamlardandır.

Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara  və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini  önə çəkərək, dünya dövlətlərinin bu hadisələrə göz yummalarına narazılığını ifadə edərək, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsini  nə üçün soyqırım kimi tanımamalarının səbəbini  açıqlamalarının gərəkliyini bəyan edir:  “Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı  soyqırımı siyasəti aparmışlar. Keçmiş tarixdə də belə olub,  yaxın tarixdə də belə olubdur və Xocalı soyqırımı  bunun bariz nümunəsidir. Günahsız insanları, uşaqları, yaşlı qadınları qətlə yetirmək  soyqırım deyil, bəs nədir? Ancaq əfsuslar olsun ki,  dünya birliyi bunu ya görmür, ya da görmək istəmir, ermənilərin, erməni lobbisinin və dünya ermənilərinin uydurma faktları əsasında  qərar qəbul edirlər.”  Ölkə Prezidenti bu yalan təbliğata  qarşı öz siyasətimizi,  həqiqətlərimizi,   ən əsası  gücümüzü ortaya  qoymağın vacibliyini bəyan edib.  Əlbəttə ki, həqiqəti çatdırmaq, təbliğ etmək, bütün dünyaya yaymaq harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının  vəzifəsi olmalıdır.

Ölkəmiz 30 ildən artıqdır ki,  müharibə şəraitində yaşayır. Ötən bu dövr ərzində erməni vəhşiliyini, Ermənistanın işğalçılıq siyasətini  təsdiqləyən yüzlərlə faktlar aşkarlanaraq beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

20-ci əsrin ən dəhşətli faciəsi olan, bir neçə gündən sonra 28-ci  ildönümü qeyd ediləcək  Xocalı soyqırımı  cinayətkar erməni siyasətinin nəticəsidir.  Dövlət başçısı İlham Əliyevin  17 yanvar 2020-ci il tarixli “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü haqqında” Sərəncamında da qeyd edildiyi kimi,  azərbaycanlılara qarşı erməni şovinist dairələrinin 19-20-ci əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi  etnik təmizləmə  siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentarilərinə  çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş   bu son dərəcə  ağır hərbi cinayət  beynəlxalq miqyasda  öz hüquqi-siyasi qiymətini almalıdır.

Faciə  1992-ci il fevralın  25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri ilə  Xankəndi şəhərində  yerləşdirilmiş  Rusiyanın  366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə  törədildi.   Hücumdan əvvəl, fevralın 25-i  şəhər toplardan və ağır zirehli texnikalardan atəşə tutulmuş, nəticədə  böyük dağıntılar və yanğınlar baş vermişdi. Fevralın 26-da  şəhər tamamilə alova bürünmüşdü. Şəhəri yerlə- yeksan etmiş erməni silahlı  dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutmuşdur.  Bu qırğın nəticəsində 613 nəfər həlak olmuşdur. Onlardan 63-ü uşaqlar, 106-sı qadınlar, 70 nəfəri qocalar olmuşdur.  8 ailə tamamilə məhv edilmişdir. Ermənilərin sağ qalmış insanlara verdikləri işgəncələr, başlarının dərisini soymaları, uşaqların gözlərini çıxarmaları  insanlığa sığmayan vəhşilikdir.

Bu gün qarşımızda duran əsas məqsəd faciənin soyqırımı olduğunu dünya ictimaiyyətinə qəbul etdirməkdir. Əksər dövlətlərin parlamentləri, ABŞ-ın bir sıra ştatları, beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırım kimi qəbul edən qətnamələr qəbul ediblər.  Bu tanınmada  2009-cu ildən həyata keçirilən  və  İslam Konfransı  Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə  baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla xanım Əliyeva tərəfindən  irəli sürülən “Xocalıya ədalət!”  beynəlxalq kampaniyasının rolunu da xüsusi qeyd etməliyik. 

Tariximizin öyrənilməsi, tarixi faktların araşdırılaraq ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixçilərimizin qarşısında mühüm vəzifə kimi qoyulur. AMEA-nın Tarix İnstitutunun bu istiqamətdə gördüyü işlər yüksək dəyərləndirlir. Yalnız faktların dili ilə yazılan xeyli sayda kitablar çap olunub. Bu gün onların müxtəlif dillərə tərcümə olunaraq  yayılması istiqamətində mühüm işlər görülür.  AMEA-nın illik ümumi yığıncağında dövlətimizin başçısı İlham Əliyev bu sahədə qarşıda duran vəzifələri  və həlli yollarını açıqlamışdı.  

Əvvəldə də qeyd etdiyimiz kimi, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Heydər Əliyev Fondu tərəfindən hazırlanan vəsaitlər-kitablar, albomlar, video disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti,  İslam Konfransı  Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə  baş əlaqələndiricisi Leyla xanım Əliyevanın  təşəbbüsü ilə başlanmış  “Xocalıya ədalət-Qarabağa azadlıq” kampaniyası  dəstəklənərək hər il  26 fevral tarixi  İKT ölkələrində humanitar fəlakət qurbanlarının xatirələrinin  anma günü kimi qeyd olunur. Hazırda bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə  tədbirlər keçirilir, ermənilərin vəhşiliyi faktlarla beynəlxalq ictimaiyyətə çatdırılır.

Röya Rasimqızı, “İki sahil”