14 fevral 2019 17:00
712

Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır

Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir

Xocalı soyqırımının törədilməsindən 27 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistlərinin Xocalıda törətdikləri soyqırımı, insan təfəkkürünə sığmayan vəhşilikləri Azərbaycan xalqının tarixində qanlı iz qoyub. Bu qırğının dəhşətləri, erməni şovinistlərinin qadın, uşaq, qoca demədən günahsız insanları amansızlıqla qətlə yetirmələri bu gün də insanı dərindən sarsıdır. Xocalı soyqırımı erməni silahlı birləşmələrinin Azərbaycana hərbi təcavüzünün ən qanlı səhifəsidir. Aylarla mühasirədə saxlanılan bu şəhər erməni faşistləri və onların havadarları tərəfindən bir gecənin içində yerlə-yeksan edildi.

AZƏRTAC Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici əlaqələr üzrə baş mütəxəssisi Abbas İsmayılovun Xocalı soyqırımı barədə məqaləsini təqdim edir.

Azərbaycanlıları özlərinin əbədi düşməni hesab edən ermənilər məskunlaşdıqları torpaqlarımızda o gecə azərbaycanlı qanı axıtdılar, XIX əsrdə Qarabağ torpaqlarında onlara yer vermiş azərbaycanlılara qarşı insanlığa xas olmayan vəhşiliklər törətdilər. Xocalı adlı bir yurd yerini yer üzündən sildilər. Xocalı sakinləri amansızlıqla qətlə yetirildi, əsir götürüldü, şəhər oda qalandı. Çox təəssüf ki, dünya hələ də buna göz yumur. Tarixin bəlkə də ən qanlı, ən qəddar, ən böyük cinayətlərindən birini yaşayan xalqımız artıq 27 ildir ki, dünya birliyinin susqunluğuna son qoyulmasını, Xocalı soyqırımına obyektiv qiymət verilməsini gözləyir. 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 yerli sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi, 487 nəfərin (76-sı uşaq) yaralandığı, 1275 nəfərin əsir götürüldüyü (onlardan 150-sinin taleyi hələ də məlum deyil) bu dəhşətli cinayətə və vəhşiliyə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir.

Təəssüflə qeyd etmək lazımdır ki, Xocalı faciəsi baş verdiyi dönəmdə ölkəmizin səbatsız rəhbərliyinin səriştəsiz siyasəti nəticəsində nəinki soyqırımını törədən erməni faşistləri qınağa tuş gəlmədi, heç faciənin miqyası, səbəbkarları barədə dövlət səviyyəsində araşdırma belə aparılmadı. Məhz Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra onun təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlandı.

O faciədə Azərbaycanın 7 Milli Qəhrəmanı vuruşaraq canlarını Vətən uğrunda qurban veriblər. Allahverdi Bağırovun yalnız “Hollywood” filmlərində gördüyümüz şücaəti nəticəsində 1000-dən çox Xocalı əsiri ermənilərdən azad edilib, Şöhrət Həsənov son nəfəsinə qədər insanların çayı keçməsinə kömək edib, Çingiz Mustafayev ermənilərin törətdikləri vəhşilikləri göz yaşları içində videolentə alıb. Bunlar Azərbaycanın necə mərd oğullar yetişdirdiyinə canlı misaldır. Bu faciənin yüz illər sonra da gələcək nəsillərin xatirəsindən silinməməsi üçün bugünkü nəsil əlindən gələni etməyə borcludur.

Ulu Öndərin ölkə həyatının bütün spektrlərini əhatə edən daxili və xarici siyasəti sayəsində Xocalı faciəsinin dünyaya tanıdılması, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, bütün beynəlxalq qurumlarda ədalətli qiymət verilməsi istiqamətində göstərilən səylər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının tapşırığı əsasında hazırda Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri Xocalı soyqırımının xarici ölkələrdə və onların parlamentlərində tanınmasıdır. Xocalı soyqırımını qətliam kimi Pakistan və Sudan, parlament səviyyəsində Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb, həmçinin ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Digər ölkələr bu günü “Xocalı qətliamı” günü kimi anırlar.

2012-ci il noyabrın 20-də İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Cibutidə keçirilmiş 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Bu kampaniya Xocalı faciəsi barədə həqiqətləri qlobal səviyyədə dünya ictimaiyyətinə çatdırmaq üçün böyük əhəmiyyətə malikdir. Bu məqsədlə müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən mediadan, internetdən və canlı tədbirlərdən fəal şəkildə istifadə edilir.

Fevralın 26-da baş verən dəhşətlər yalnız bizim torpaqlarımızın işğal edilməsinə bir cəhd deyildi. Ermənilər, həmçinin bizim birliyimizə, ruhumuza, vətənpərvərlik hissimizə və tariximizə ləkə salmaq istəyirdilər. Onlar öz hücumları ilə bizim qəlbimizdə qorxu xofu yaratmaq, xalqımızın daxildən parçalanmasına, sarsılmasına nail olmaq istəyirdilər. Lakin bunların heç biri baş tutmadı. Biz ayağa qalxdıq, biz ayaqdayıq, biz öz milli kimliyimizi, ləyaqətimizi qoruyub saxlaya bildik, biz öz həqiqətimizi dünyaya yaymaqda israrlıyıq. Biz bir xalq kimi bizə aid olanı - ədalətin zəfərini və torpaqlarımızın geri qaytarılmasını tələb edirik. O günlər daim hər bir azərbaycanlının yaddaşında dəhşətli xatirələr kimi qalacaq, amma həmin gün canlarını qurban verən bacı və qardaşlarımızın ruhunu şad etmək üçün biz Azərbaycanımızın gələcəyini daha parlaq və daha firavan etməyə borcluyuq.