20 fevral 2020 12:25
1353

Xocalı soyqırımına dair elmi konfrans keçirilib

O.M.Lazarevska adına Çerniqov şəhər Tarix və Sosial Elmlər İnstitutunda Xocalı soyqırımına dair elmi konfrans keçirilib.

“Silahlı qarşıdurma zamanı dinc əhalinin müdafiəsi və Xocalı faciəsinin hüquqi aspektləri” mövzusunda keçirilən elmi konfransda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, institutun rəhbərliyi, diaspor fəalları və tələbələr iştirak ediblər.

Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, 28 il bundan əvvəl baş verən Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir. “Biz Xocalı soyqırımının səbəblərini və nəticələrini daha geniş miqyasda dünya ictimaiyyətinə çatdırmaq işini davam etdiririk. Xocalıya ədalət Azərbaycanın dövlət siyasətidir”, - deyən diplomat bildirib. O qeyd edib ki, zamanında Xocalı soyqırımına ədalətli hüquqi qiymət verilsəydi, indi bir çox yerlərdə münaqişə zonaları yaranmazdı. Səfir bildirib ki, Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları tarixin müxtəlif illərində olub. Bu münaqişələrdə həmişə Azərbaycanın mülki şəxslərinə qarşı amansız vəhşiliklər törədilib. Hazırda Azərbaycanda hər doqquzuncu sakini qaçqın və ya məcburi köçkündür. Dağlıq Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Serebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir.

İnstitutun prorektoru Anatoli Timoşenko, ali təhsil ocağının direktoru Aleksandr Kovalenko, Çerniqov vilayəti Apellyasiya Məhkəməsinin sabiq sədri, hüquq elmləri doktoru Sadıq Tağıyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə sədri İsgəndər Vəliyev, konqresin gənclər təşkilatının sədri Ruslan Mikayılov, ehtiyatda olan polis polkovniki İbrahim Əliyev çıxış edərək bildiriblər ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymətin verilməsi istiqamətində görülən işlər ardıcıl xarakter daşıyır. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımına etiraz edənlərin sayı dünyanın hər yerində ildən-ilə artmaqdadır. Artıq bir neçə ölkə Xocalı soyqırımını tanıyıb və bu ölkələrin sırası genişlənməkdədir.

Sonra tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanan Xocalı soyqırımına dair film nümayiş etdirilib.

Tədbirdən sonra Çerniqov şəhərinin mərkəzi parkında tədbir iştirakçıları soyqırımında həlak olanların xatirəsinə ehtiram olaraq şamlarla “Xocalı” sözünü yazıblar.

Tədbir yerli KİV-lər tərəfindən işıqlandırılıb.