20 fevral 2020 20:11
2067

Xocalı yarası

26 fevral 1992-ci il... Qışın son ayının axır günləri idi. Bir neçə gün sonra yurdumuza bahar fəsli qədəm qoyacaqdı. Yazın təravəti, quşların səsi, yaşıllığın ətri duyulacaqdı. Amma həmin il əzəli Azərbaycan torpağı  olan  Dağlıq Qarabağın Xocalı şəhərinə bahar gəlmədi... Həmin vaxt Xocalıda baş verən faciə Vətənimizə ən soyuq,  sərt,  qarlı qışı yenidən gətirdi. O qış ki, uzun illərdir şaxtasıyla qəlbimizdə  sağalmayan yara açıb. Xocalı yarası... Bu, elə bir yaradır ki, qaysaq bağlasa da, sağalmaq bilmir ki bilmir... Yerinə toxunduqda incidir, qəlbin ən zərif yerini sızladır.

Bəli, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilib. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyidlərin bir qismini minalayıblar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, yollarda, meşələrdə pusqu quran erməni quldurları dinc sakinləri  xüsusi amansızlıqla qətlə yetiriblər.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına  deyil,  bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar,  eyni zamanda, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Xocalı faciəsinin  dünya miqyasında soyqırımı kimi  tanıdılması istiqamətində  göstərilən səylərin  nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində  bu qətlamın  soyqırımı aktı olduğu öz əksini tapıb. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək Ermənistanın işğalçılıq siyasətini, vəhşiliyini qətiyyətlə pisləyib.

Yaqut Ağaşahqızı, “İki sahil”