13 noyabr 2019 11:35
765

Xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir.

Bərdə rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə 2019-cu il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və müalicə-diaqnostika tədbirlər” planına uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.

Müvafiq dövr ərzində Aqrar Xidmətlər Agentliyinin Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 104176 baş iribuynuzlu, 141544 baş xırdabuynuzlu, 1325 baş təkdırnaqlı heyvanda qarayara, 192043 baş iribuynuzlu, 137805 baş xırdabuynuzlu heyvanda dabaq, 104024 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 26164 baş iribuynuzlu heyvanda leptospiroz, 140678 baş xırdabuynuzlu heyvanda çiçək, 10898 baş xırdabuynuzlu heyvanda (Rev-1), 6668 baş iribuynuzlu heyvanda (S-19) bruselyoz, 7950 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 1011602 başda “La-sota” vaksini, 648023 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1676 baş iribuynuzlu heyvandan, 153 ana qoyun, 26 baş keçi və 73 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də 53 baş qoçda epdidimitə, 47 baş iribuynuzlu heyvanda xlamidioza görə müayinə məqsədi ilə qan nümunələri götürülüb. Bununla yanaşı, Bərdə rayonunda vərəmə görə 982 baş iribuynuzlu, manqoya görə 932 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub.

Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində 46 obyektdə 157388 kvadratmetr ərazidə profilaktik dezinfeksiya, 2 obyektdə 1396  kvadratmetr ərazidə məcburi dezinfeksiya, 5 obyektdə 5 min kvadratmetr ərazidə dezinseksiya tədbirləri yerinə yetirilib. Aparılacaq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Qeyd edək ki, hazırda Bərdə rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir. Tədbirin yaxın günlərdə yekunlaşması nəzərdə tutulur.

Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.