08 avqust 2019 10:40
243

Yaddaş zəifliyi: prosesi sürətləndirən amillər və çözümləri

Son zamanlar  gənclərin əksəriyyətinin  yaddaşsızlıq sindromundan əziyyət  sürətləndiyinin şahidi oluruq. Yəqin ki, çoxumuz “görəsən, nə edəcəkdim”, “əlimdəki qələmi hara qoymuşam, tapa bilmirəm”, “səhər nə yediyim yadımdan çıxıb”, “açarları qoyduğum yeri unutmuşam”, “yaddaşım yaman zəifləyib” və sair. kimi  cümlələri tez-tez eşidirik. Bəzən hətta telefon, yaxud başqa əşya əlimizdə ola-ola onu başqa yerlərdə axtarırıq və bu kimi sualları tez-tez özümüzə veririk.

Niyə indi yaddaş pozğunluğuna gənclərdə, hətta uşaqlarda belə rast gələ bilirik?

Psixoloq Zeynəb Əyyubova qəzetimizə açıqlamasında  bildirdi ki, yaş artdıqca beynin müəyyən funksiyaları zəifləməyə başlayır və yaddaşsızlıq özünü büruzə verir: “Yaşlı insanlardan fərqli olaraq gənclərin yaddaşsızlıq probleminin əsasında müxtəlif psixoloji səbəblər durur. Bu problemin kökündə duran amil isə insanların gələcəklə bağlı  hədəf planlamasının olmamasıdır. İlkin səbəb, gənclərin plansız yaşamaqlarıdır. İkincisi, gələcəyə  güvən və inamlarının olmamasıdır. Sonuncu mühüm nüans isə psixoloji  immunitetlərinin zəif olmasıdır. Yəni, bəzi gənclərin psixoloji əhval-ruhiyyələri tez-tez dəyişir və bu dəyişkənlik onlarda zehni yorğunluq  yaradır. Bunun nəticəsində də yaddaş pozğunluğu özünü büruzə verir. Hazırda informasiya bolluğu şəraitində yaşayırıq. İstər televiziyalar, istər digər media orqanları, eyni zamanda internet vasitəsilə əldə edilən informasiyalar həddindən artıq çoxdur. Yaddaşsızlığa təkan verən digər səbəblərdən biri  də informasiya bolluğudur. Bu cür hallar insanların beynini həddindən artıq informasiya ilə yükləndiyi üçün yaranır. Bu da sinir sisteminə ağırlıq edir. Nəticə olaraq gənclərdə də yaddaşsızlıq problemləri müşahidə edilir. Yaddaşın da müəyyən qədər həcmi var. Onu artıqlaması ilə yükləyən zaman istər-istəməz bu cür problemlərlə qarşılaşmaq mümkündür. Ona görə də ifrat informasiya ilə yüklənməmək lazımdır. Artıq kompyuterin özü belə, mobil telefona köçürülüb. Çalışmaq lazımdır ki, mümkün qədər bu vasitələrin istifadəsi azaldılsın.”

Ekspert onu da əlavə etdi ki, bütün günü masa arxasında oturmaq da yaddaş zəifliyinə səbəb ola bilər: ”Eyni zamanda, masa arxasında davamlı oturduqda da beynə qan getmir və unutqanlıq başlayır. Səhərdən axşama qədər ofisdə oturub çalışan işçilərin onurğasında yaranan sərtlik bir müddət sonra beynə gedən qan axınının azalmasına səbəb olur. Bunun nəticəsində insan hansı işi görəcəyini unudur, söyləyəcəyi fikir yadından çıxır. Adətən, belə insanlar davamlı şəkildə yorğun olurlar.”

Psixoloq onu da qeyd etdi ki,  yaddaşsızlıq prosesinin sürətlənməsinin qarşısını almaq üçün stresdən mümkün qədər uzaq durun: “Xroniki hal alan təzyiq və stress də unutqanlığa, yaddaş pozğunluğuna səbəb ola bilir. Ən azından stresslə necə davranmağı bilmək lazımdır. Bu bir həqiqətdir ki, stressiz həyat yaşamaq mümkün deyil.

Ona görə də heç olmasa stresli hallarda nə etmək lazım olduğunu bilmək lazımdır. Dolayısı ilə hər birimiz özümüzün fərdi psixoloji sağlamlığımızın qeydinə qalmalıyıq.

Yuxusuzluq və yorğunluğun ilk təsir etdiyi mexanizm yaddaşdır. Ona görə də çalışın yaxşı yatın. Sağlam və rahat yuxu sizi həm stresdən qoruyar həm də yaddaşsızlıq probleminizi həll edər. Sağlam qidalanmaqla bir çox xəstəliyin qarşısı alındığı kimi beyni inkişaf etdirmək və bəsləmək də mümkündür. Rejimsiz bəslənmək isə sinir sisteminə mənfi təsir edir. Yaddaşsızlıq problemini həll etmək üçün beynimizi aktiv tutmağımız olduqca vacibdir. Beynin aktivliyini qorumaq üçün zəka oyunlarına vaxt sərf edə bilərsiniz. Ən əsası istənilən yaşda xarici dil öyrənmək yaddaşsızlıq və unutqanlıq problemini həll edir. İdmanla məşğul olun, buna laqeyd yanaşmayın. Hər səhər təmiz havada yüngül tempdə qaçmaq sizin yaddaşınızı dəmir kimi edər. Həmçinin orqanlarınızın sağlam qalmasına köməkçi olar. Spirtli içkilər, siqaret və narkotik maddələrdən uzaq durun.”

Kaliforniya Universitetinin alimləri yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün sadə və mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər:

Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə  vərdiş edin.

Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı qeydləri yadda saxlamaq üçün qeydiyyat aparmaları çox mühümdür. Qeydlərinizi daim gözünüzün gördüyü yerdən asın. Bu sizə vacib işlərinizi

Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn,  öz-özünüzə “qazı, suyu, işığı bağladım” deyin. Bu sizə daha sonra bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.

Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səsyazan texnoloji vasitələrdən ola bilər.

Xatırlanması lazım olan məlumatları qruplaşdırın. Məsələn; siyahıda olan adları qısa şəkilə salın. Və ya bəzi texnikalar vardır ki, həmin texnikalara istədiyin məlumatın baş hərfini yazdıqda həmin məlumatı sənin üçün hazırlayır. Bundan əlavə, məlumatları hekayələrlə yadda saxlamaq da bu kateqoriyaya aiddir.

İstirahət edin və əsəblərinizin sakit olmasına çalışın. Bir çox ekoloji faktorlar diqqətinizi dağıda bilər. Yeni bir məlumat öyrəndikdən sonra həmin məlumatı yaddınızdan çıxardan faktorlardan uzaq olun.

Yuxu rejiminizə diqqət edin. Yuxu əsnasında beyin, əldə etdiyinizi yeni məlumatları gücləndirir. Araşdırmalara görə, normal gecə yuxusunda sonra insanlar əvvəlki məlumatları daha rahat xatırlayırlar.

Deməli, modern dövrdə texnoloji vasitələrin dinamik və sürətli inkişafı müsbət hal olsa da, düzgün istifadə edilmədikdə bizim həm sağlamlığımız, həm psixologiyamız ciddi problemlər yaradır. Bunlardan biri də məhz yaddaşsızlıqdır. Psixoloji narahatlıq olaraq da  çox ciddi fəsad və təşviş hissi yaradır. Xüsusilə erkən yaşlarda bu pozğunluğu yaşamamaq üçün mümkün qədər özümüzü və sinir sistemimizi bütün neqativ hallardan və risklərdən qorumalıyıq.  Stress, gərginlik, qəzəb və psixoloji təzyiq və basqılardan uzaq durmaq lazımdır. Gündəlik həyat rutinimizin dincliyinə və nizamlılığına riayət etməliyik.

Yaqut Ağaşahqızı, “İki sahil”