KÖŞƏ

Müşfiq Ələsgərli
Jurnalist Həmkarlar İttifaqının sədri

Yalançının yeni ləqəbi: “araşdırmaçı jurnalist”

25 aprel 2019 17:35
1281

“Soros şəbəkəsi”nin Azərbaycanda etimadsızlıq mühiti yaratmaq üçün istifadə etdiyi  vasitələrin detalları  üzə çıxır 

Trolluqdan “araşdırmaçı jurnalistikaya”

Həftə içində sosial şəbəkə fəalları maraqlı fakt aşkarladılar, məlum oldu ki, müxalif yazar, özünü araşdırmaçı jurnalist elan etmiş Cavanşir Həsənli oxucu auditoriyası qazanmaq üçün qeyri-adi üsuldan istifadə edir. O, müxtəlif ölkələrdə baş vermis, sensasiyaya çevrilə bilmiş  insidentlər barədə informasiyaları arxivləşdirib saxlayır, bir müddət sonra, yəni  zamanla unudulub   gündəmdən çıxdıqdan sonra həmin informasiyaları  “modernləşdirərək” Azərbaycan auditoriyasına  təqdim edir. Hadisə iştirakçısı olmuş şəxslərin ad-soyadını dəyişdirir,  onları azərbaycanlılaşdırır, belə sensasiyalı süjetlərin fonunda özünün hədəf seçdiyi şəxsləri daha çox oxucunun qınaq obyektinə çevirir. C.Həsənli   “Azərbaycanlı məmurun oğlu  Londonda “Laborcini” ilə belə qəza törətdi” başlıqlı  status paylaşıb. Bu yazım “Azadlıq” qəzetində dərc etdirib. Paylaşdığı statusun təsir gücünü artırmaq məqsədilə “qəza yerindən şəkil” də təqdim edib.  Diqqətli oxucular isə  fərqinə varıblar ki,  fotoda əks olunmuş görüntülər, Cavanşir Həsənlinin təqdim etdiyinin əksinə olaraq,   hansısa “Azərbaycanlı məmurun oğlu”na deyil, məşhur futbolçu Kristiano Ronaldoya məxsusdur.  Qəzanı Ronaldo törədibmiş, “Laborcini” də ona məxsusmuş.  Əgər Ronaldo dünyaca məşhur olmasaydı, fanatları tərəfindən hər addımı izlənilməsəydi, onun qəzada zədələnmiş “Laborcini”si rəqəmsal yaddaşda qalmasaydı,   yəqin ki, bu şəkil də üzə çıxıb məşhurlaşmazdı və “araşdırmaçı jurnalistin” taktikasının  üstü açılmazdı.

Bu yanlışı Cavanşir Həsənlini diqqət mərkəzinə gətirib, onun digər yazılarının da təhlil edilməsinə səbəb olub.  Nəticədə acınacaqlı mənzərə  ortaya çıxıb. Bəlli olub ki, “Laborcini” olayı Cavanşir Həsənlinin yeganə yanlışı deyil, yazdığı yazıların hamısında bənzər məqamlar var.  Bundan bir həftə öncə “araşdırmaçı jurnalist” başqa bir xəta da törədib.  “Azadlıq” qəzetində dərc etdirdiyi “İsa Həbibbəylinin oğlu da oliqarx imiş” başlıqlı yazı, onun fərqli taktikalarının üstünü açır.   Yazı  müəllifi iddia edir ki, “Milli Məclisin komitə sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin oğlu Ərəstü Həbibbəylinin Türkiyədə aliminium fabriki var”.  “Araşdırmaçı jurnalist” Ərəstu Həbibbəylinin  Baş Nazirin Katibliyinin rəisi işləməsini əsas götürərək bildirir ki,  “eyni şəxsin həm məmur, həm də sənaye obyekti rəhbəri olması oliqarxlıq əlamətidir”. Yazı  “faktlarla” və “qanunlardan çıxarışlarla” zənginləşdirilib,  oxucunu inandırmaq, həyəcanlandırmaq,  Azərbaycan məmuruna qarşı etimadsızlıq ruhunda kökləmək üçün bütün addımlar atılıb. Oxucuda “faktların” doğruluğuna  inam yaratmaq üçün istinad mənbələri də göstərilib. Əsas “mənbə” kimi Türkiyə türkcəsində yayımlanan  www.sektorelrehber.com saytına istinad edib. Əgər oxucu xəbərin doğruluğuna əmin olmaq üçün həmin sayta daxil olub axtarış aparsa, həqiqətən də “Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited ” şirkətinin adına təsadüf edə bilər. Onun tərkibində  Arastu sözünün olduğunu, bu adın isə dolayısı ilə Baş Nazirin Katibliyinin rəisinin adı ilə uyğunluğunu görmək,  “araşdırmaçı jurnalistin” yazdıqlarına inanmaq olar.  Amma bu, zahiri, ilkin təəssüratdır. Bir az diqqətli olmaq və qısa araşdırma aparmaq yetir ki, yazının qondarma faktlar üzərində qurulduğu və oxucu auditoriyasını aldatmaq üçün “maxinasiya” qurulduğu ortaya çıxsın. Bu “maxinasiyanı” açmaq üçün bir sualın cavabından başlayaq:  hər hansı dövlət  məmuru fəaliyyətdə olduğu  dövrdə  bizneslə məşğul olmasının qanunla yasaqlandığını bilə-bilə, nədən belə addım atsın,   öz adına biznes qurumu təsis etsin və  bu informasiyanın  hər kəsin görə biləcəyi bir saytda yayımlanmasına razılıq versin? Cavanşir Həsənli bu suala asan cavab tapıb, bunu “məmur özbaşınalığı”, “məmur talançılığı” ilə əlaqələndirib. Amma unudub ki, məsələ bu qədər sadə deyil. Belə təxribatın toruna yalnız onun özü düşüncədə olanlar düşə bilərlər. 

www.sektorelrehber.com  saytı rəsmi qurumlara məxsus deyil, “həvəskar reklamçı” xarakterlidir. İstənilən şəxs orada müvafiq kateqoriyalara daxil olub, öz şirkəti barədə lazımi informasiyaları yaza və onu  bu “sayt vasitəsilə məşhurlaşdıra bilər”. İnformasiya bangına daxil edilən şirkətin reallıqda mövcud olub-olmaması barədə  sənədləşdirmə tələb olunmadığı üçün barəsində  məlumat verilən “şirkət” haqqında saytda qondarma, uydurma qeydlər də vermək mümkündür. Sayt admini belə bənzər addımlara maneə yaratmır. İstənilən informasiyanın həqiqiliyi yoxlanılmadan saytda yerləşdirilir. Bu isə internet maxinatorları üçün fürsət yaradır. İstənilən adam  şərləmək istədiyi birisinin adından qondarma “şirkət təsis edə” həmin şirkətin məlumatlarını bu saytda yerləşdirə bilər. Araşdırmalar göstərir ki,  saytda “Arastu Alüminyum Sanayi və Dış Ticaret Limited ” şirkəti barədə yerləşdirilmiş məlumatlar da, bu qəbildəndir. Onların yanlış olduğunu yalnız xüsusi araşdırma aparmaqla aşkarlamaq mümkündür. Amma burada incə bir məqam da var: “araşdırma aparan şəxs” həqiqətin üzə çıxmasında maraqlıdırmı? Əgər  deyilsə, onda kələfin ucu dolaşır. Məlum yazıda da “araşdırmaçı jurnalist” diqqəti saytdakı boşluqların üzə çıxarılmasına deyil,  fərqli səmtə yönəldib. Çünki onun məqsədi saytda səliqə-səhman yaradılması deyil, bu səliqəsizlikdən istifadə edib öz məqsədlərini yerinə yetirməkdir. Diqqət saytdakı boşluqlar üzərinə yönələrsə, daha dəhşətli mənzərə ortaya çıxar.

Saxta saytları kim və niyə yaradır?

Məsələ ondadır ki, saytın üzərində “İletişim”, yəni əlaqə kateqoriyası olsa da, içi boşdur, heç bir əlaqə rekviziti yoxdur. Burada əlaqə qurulacaq şəxsin deyil, əlaqə yaratmaq istəyən şəxsin  kimliyi haqqında sorular var. Həmçinin  “Hakkında” kateqoriyası da boşdur, saytın qurucusu, admini  barədə bir kəlmə tapa bilməzsiniz. Axtardıqca, suallar aydınlaşmır, daha da qəlizləşir. Bu qəlizləşmə  sona qədər davam edir və nəticə çıxır ki, sayt, sadə dillə desək,  saxtadır.  Saxta saytlar müsair dövrdə “internet reketçilik”, “internet şantajçılıq” üçün istifadə edilən populyar metodlardan biridir. Təcrübə göstərir ki, saytda adı, kimliyi gizlədilən qurucular, adminlər,  idarəçilər  hədəf seçdikləri şəxslər (məmurlar, iş adamları və sair) barədə qondarma, şantajedici  “faktları” belə saytlarda yerləşdirir, sonradan o informasiyaları  əlbir işlədikləri “internet, sosial şəbəkə  fəalları”, “araşdırmaçı jurnalistlər” vasitəsilə  ictimailəşdirir, sonra da şantaj olunan  şəxsə informasiyanın silinməsi üçün  “qarşılıqlı xidmət” təklif edirlər.

Bu metod dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılıb, “reket” jurnalistlərin ən çox istifadə etdikləri üsullardan biridir. Saxta rekvizitlərlə bir sayt yaradır, cəmiyyətdə tanınmayan, auditoriyası məhdud olan bu saytlarda  hədəf seçdikləri şəxs barədə yalançı informasiyaları toplayırlar. Sonra da həmin saxta sayta istinad edib, həmin informasiyanı özlərinin KİV qurumlarında yayırlar. Şikayət olunanda, hüquqi ölçü götürmək lazım gələndə, deyirlər ki,  şikayət doğuran məqalə başqa KİV-ə istinadla verilib, məqalədə əks edilənlər təkzib olunmayıb. KİV haqqında qanunun 62-ci maddəsindəki boşluqlar onların bu hərəkətlərinə bəraət verir. Nəticədə sui-istifadə halları çoxalır. Hansı ki, peşəkar  jurnalist  doğruluğu şübhə yaradan, ehtimal və fərziyələrə söykənən materialları yayarkən,  yalnız istinad məsələsinə deyil, həmçinin tənqid olunan tərəfin mövqeyinin öyrənilməsinə də önəm verməlidirlər. Bu, araşdırmaçı jurnalistlər üçün xüsusilə mühümdür.

Cavanşir Həsənli bu prinsiplərdən məlumatsızdırmı? Yoxsa həqiqətin üzə çıxmasında maraqlı deyil?

“Araşdırmaçı jurnalistlərin” beynəlxalq şəbəkəsi

 www.sektorelrehber.com     saytı üzrə araşdırmalar ciddi mətləblərə aydınlıq gətirir. Bu cür saytlar  yuxarıda təsvir etdiklərimizə oxşar   xırda maraqlar, “gündəlik xərclər” üçün nəzərdə tutulmayıb. Burada söhbət təkcə iqtisadi, maliyyə maraqlarından getmir, daha çox siyasi müstəvini əhatə edir. “Sektorelrehber” digərlərindən fərqli olaraq  “reklamını”  biznes adamları üzərində deyil, onların təbirincə desək,  “oliqarxlaşmış məmurlar” üzərində qurur. Həmçinin saytdakı informasiyaların geniş auditoriyaya daşınması üçün ənənəvi olan  “sosial şəbəkə fəaları”ndan deyil, daha çox “araşdırmaçı jurnalistlərdən” istifadə edilir. Nüanslar çoxdur, amma bu iki faktın özü də ucu dolaşdırılmış kələfi çözmək üçün istiqamət verir. 

Sosial şəbəkələr ciddi auditoriya üçün etibarlı mənbə deyil. Artıq dünya qəbul edib ki, sosial şəbəkələrdə  “fake news” hegomonluğu  mövcuddur, burada yalan xəbərlərin həcmi 60%-ə qədər yüksəlir. Sosial şəbəkələrə, troll qruplarına etimad azdır, ciddi mövzular üçün bunlar yetərli deyil. Söhbət siyasi mövzulardan,  ciddi auditoriyadan gedirsə, onda  ənənəvi media və onun komponentlərindən, araşdırmaçı jurnalistlərdən istifadə edilir. Son zamanlar “Milli Şura” şəbəkəsinin trollardan daha çox, “araşdırmaçı jurnalistlərə” üstünlük verməsinin səbəblərindən biri də məhz budur.  Qarşıda Azərbaycanın Avropa İttifaqı ilə “Strateji saziş” imzalamasına mane olmaq tapşırığı varsa, burada artıq troll ordusu əhəmiyyət daşımır. Ölkənin siyasi aktiv təbəqəsində çaşqınlıq yaratmaq, etimadsızlıq mühiti formalaşdırmaq üçün yeni metodlara əl atmaq lazım gəlir ki, bu sırada “araşdırmaçı jurnalistlərin” xidmətlərindən yararlanmaq da var. Düzdür, mahiyyət dəyişmir, “Milli Şura” ətrafında olan  trollar da, “araşdırmaçı jurnalistlər” də məzmunca eyni işi görürlər. Amma auditoriyanı çaşdırmaq üçün ikincilər daha uyğundur. Bu, başqa bir məsələdir ki, “araşdırmaçı jurnalistika” həm də maliyyə nəhəngi, siyasi təlatümçü Corc Soros tərəfindən dəstəklənir.  Corc Soros öz şəbəkəsini məhz bu adla adlandırır: “araşdırmaçı jurnalistika şəbəkəsi”. Bu şəbəkə “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi” (OCCRP)  çərçivəsində fəaliyyət göstərir ki, həmin layihənin də birbaşa maliyyəçisi Cor Sorosdur.

Müşfiq Ələsgərli

Yaqut Ağaşahqızı
Müxalifət oyununun sonu
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...