17 yanvar 2020 20:47
4657

“Yanvar təlatümü” , “Şəhid pəhləvan”…

Gənc yazıçı - publisist, tədqiqatçı, “Qızıl Qələm” mükafatı laureatı Sevinc Ədalətqızının 1990-cı ilin 20 Yanvar hadisələrindən bəhs edən kitabları işıq üzü görüb

Tariximizin qanlı və şanlı səhifəsi olan 1990-cı il 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş kitablar işıq üzü görüb. Kitabların müəllifi gənc yazıçı - publisist, tədqiqatçı, “Qızıl Qələm” mükafatı laureatı Sevinc Ədalətqızı Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin yaxınları ilə görüşmüş, qısa və şərəfli ömürlərinə nəzər salmış, onların hər birinin həyat hekayələrini qələmə almışdır.

Haqqında bəhs edəcəyimiz ilk kitab “Şəhid rejissor Azər Nəsiboğlu” adlanır. Bu kitab 1990-cı ilin 20 Yanvar hadisələri zamanı həlak olmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzun adını qazana bilməyən Şəhid tələbəsi Azər Nəsib oğlu Ələkbərovun 23 illik ömrünün bütövlükdə təcəssümündən ibarətdir. Kitabda Azər haqqında dövri mətbuatda qələmə alınmış məqalə və xatirələr, müxtəlif illərdə çəkdirdiyi fotoşəkillər, həmçinin şəxsi arxivindən nümunələr öz əksini tapmışdır. Bu kitab Vətənimizin müstəqilliyi uğrunda gedən şanlı mübarizədə canını qurban vermiş gənc rejissor Azər Nəsiboğlunun Şəhidlik məqamının 30-cu ildönümünə verilən dəyərli bir töhfədir. Kitabın redaktoru Aida Yusub, rəssamı isə Mikayıl Abdullayevdir.

Müəllif sözündə deyilir: “Azər qardaşım! Bütün Şəhidlər kimi sən də həmişə Şəhidlik arzusu ilə yaşamısan. Bütün Şəhidlər kimi sən də Vətən uğrunda Şəhid olacağını öncədən duymusan. Çünki Vətəni sənin kimi cani-qəlbdən sevən Allah bəndələri sonda Şəhidlik zirvəsinə ucalırlar. Sən də Vətəni sevənlərin arzuladığı və xəyal etdiyi kimi Şəhidlik zirvəsinə ucaldın. Vətənə olan oğul borcunu ödəməklə, şanlı və şərəfli azadlıq mübarizəmizə gedən yolda canını qurban verdin. Ey azadlıq mübarizi, Vətən Şəhidi!

Kaş ki, sənə ithaf etdiyim bu kitabın adı “Şəhid rejissor” yox, “Böyük rejissor” olaydı. Yəni kaş ki, uzun ömür yaşayaydın, Azər... Lakin Tanrının məsləhəti, qisməti beləymiş. Sən dünyada elə bir müqəddəs ada layiq görülmüsən ki... “Şəhid” adı, “Şəhid” titulu dünyada bütün fəxri adlardan və titullardan daha üstün, daha müqəddəsdir. Bu gün sən elin yaddaşında 23 yaşlı gənc, tələbə, Şəhid rejissor kimi yaşayırsan və yaşayacaqsan!

İşıq üzü görən növbəti kitab “Şəhid pəhləvan” adlanır. Sevinc Ədalətqızının “Şəhid pəhləvan” kitabı 1990-cı il 20 Yanvar hadisələri zamanı həlak olmuş sərbəst güləş üzrə idman ustası Müşfiq İsayevin anadan olmasının 50, Şəhidlik zirvəsini fəth etməsinin 30-cu ildönümünə həsr olunmuşdur. Gənc tədqiqatçı Ağdaşın qaranquş şəhidi Müşfiq İsayevə coşqun bir vətənpərvər, idmanda parlaq nailiyyətlər qazanan bacarıqlı bir gənc, dostcanlı, ailəcanlı bir insanpərvər kimi yanaşmış, onun qısa ömür yolundakı şərəfli addımlarına bədii-publisistikanın köməyi ilə işıq salmağa çalışmışdır. Kitabın redaktoru yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Rafiq Rəhimlidir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Müəllif sözündə deyilir: “Təbiətcə çox qürurlu imiş Müşfiqimiz. Onun qaynar, coşqun təbiətində Vətən sevgisindən, Vətən məhəbbətindən doğmuşdu bu qürur. Vətənə olan məhəbbət əzəldən onunla qoşa doğulmuş, qısa və şərəfli ömür yolunda Şəhadət mərtəbəsinə yüksələnə qədər qoşa addımlamışdı. Onu bu müqəddəs zirvəyə, bu müqəddəs ucalığa çatdırana qədər yol yoldaşı olmuşdu. Müşfiq kimi qürurlu gənc eşidəndə ki, doğma Qarabağımıza xain gözlər dikilib, Vətənimizə yad əllər uzanmaqdadır, Sovet hökumətinin məkrli siyasəti xalqımızın “Azadlıq, Azadlıq” deyən gur səsini boğmağa çalışır, bu qürurlu gənc dözə bilərdimi bu cür haqsızlığa? Vətən eşqi onu azadlıq mücadiləsi gedən meydanlar qoynuna atdı, xalqının yanında olmağa tələsdi. Hər bir vicdanlı vətəndaş kimi, o da Vətəninin azadlığını, müstəqilliyini tələb etməyə başladı.

Düşünürəm ki, Müşfiq Tanrının elə bir sevimli bəndəsidir ki, Onun tərəfindən dünyada ən müqəddəs ada – Şəhid adına layiq görülmüşdü. Hər kəsin qismətində belə şərəfli ad varmı? Yalnız Vətəni canından çox sevən, seçilmiş Allah bəndələri yüksələr Şəhadət mərtəbəsinə. Vətəni canlarından o kəslər çox sevirlər ki, onlara axirətdə əbədi səadət verilmişdir. Bu kitabım da sənin o pak, müqəddəs ruhuna ərməğandır, MÜŞFİQ! “

Müəllifin digər, “Yanvar təlatümü” (1-ci hissə) adlı kitabı da Azərbaycanın qəhrəmanlıq səhifəsinə yazılmış yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuşdur. Kitabda gənc yazarın eyniadlı sənədli romanı yer almışdır. Romanda Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş gənc ədib Ülvi Bünyadzadə, şair təbiətli Cavad İsmayılzadə (Qəmli), milis serjantı Telman Bağırov, tələbə Rahim Babayev, eyni zamanda, Eldar Məmmədov, Namiq Əliyev, Azad Mirzəyev və digər Şəhid oğullarımızın bədii obrazları təcəssüm etdirilmişdir. Bundan əlavə barrikadaçı tələbə Şahinin başına gələn müsibətlər əsərdə öz əksini tapmışdır. Eyni zamanda, itkin Şəhid Orxanın və sevgilisi İlahənin sonu əbədi hicranla nəticələnən məhəbbət macərası da əsərin diqqətçəkən məqamlarından biridir. Ümumiyyətlə, əsərdə 20 Yanvar hadisələri tarixi faktlara əsaslanaraq, geniş şəkildə təsvir olunmuşdur. “Yanvar təlatümü” kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabın redaktoru Aida Yusubdur.

Yanvardan sonra çalınan “Vağzalı” (2-ci hissə). Gənc yazarın qələmə aldığı digər kitabı belə adlanır. Bu roman dünyadan nakam köçmüş, subay Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdur. Qanlı Yanvar gecəsində itirilmiş səadət, puç olmuş tələbə arzuları, unudulmayan Şəhid eşqi, qarşılıqsız sevgi üzərində qurulan ailə, gecikmiş xoşbəxtlik əsərin əsas ideyasını təşkil edir. Hərəkatçı gənclərdən, itkin Şəhid Orxanın nakam qalmış səadətinə dostu Şahin şərik çıxır. Çünki Orxanın istəklisi İlahəni o da sevirdi. Şahin sevdiyi qadının məhəbbətini düz 20 il sonra, həyatının axır zamanlarında qazanmağa nail olur.

Kitabın redaktoru Həbibə Rafiqqızı Ateş, rəssamı isə Aysel Şahvələdqızıdır.

Sevinc Azadi, “İki sahil”