13 dekabr 2019 20:19
793

YAP-a ümumxalq məhəbbəti tükənməzdir

Yerli özünüidarəetmə orqanlarına  seçkilərdə iştirak edəcək namizədlərin seçicilərlə görüşləri davam edir. “Xalq üçün” devizi ilə  seçiciləri ilə  görüşən Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinə etimad həmişə olduğu kimi,  yenə də  yüksəkdir.  Həmin görüşlərdə yarandığı gündən  fəaliyyətini  vətəndaş rəyi, istəyi əsasında  quran,    respublikada aparılan quruculuq işlərində rolu artan bələdiyyələrin üzərinə düşən vəzifələrdən söz açılır , seçici rəyi, təklifləri öyrənilir, ölkədə həyata keçirilən islahatların əhəmiyyətindən danışılır. 

YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon şöbəsində yerli özünüidarətemə orqanlarına seçkilərlə əlaqədar keçirilən növbəti  görüşün iştirakçıları  təhsil işçiləri idi.

Tədbirdə bələdiyyələrin fəaliyyətindəki  yeniliklərdən söz açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov  iqtidar partiyasının respublikada aparılan quruculuq işlərinin,  sosial-iqtisadi  islahatların lokomotivi olduğunu bildirərək vurğuladı ki,  ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini bütün sahələrdə qazandığı uğurlarla bildirən, alternativi olmayan  YAP-a  ümumxalq məhəbbəti tükənməzdir:

- Bu uğurların təməli 1992-ci ilin noyabrında qoyulub.  Azərbaycanın müstəqilliyinin qarantı olan ulu öndər Heydr Əliyevin tarixi xidmətlərindən biri də  Yeni Azərbaycan Partiyasını yaratması idi. Partiyanın ətrafına toplaşan sağlam əqidəli insanların birliyi ilə ölkədə sabitlik yarandı. Bu gün Azərbaycan dünyada  özünə güvənən,  daxili resurslarına arxalanan, müasir ənənələrə bağlı güclü, dünyəvi dövlət kimi tanınırsa, bu uğurda YAP-ın rolu böyükdür.

Partiyanın  respublikamızın ictimai- siyasi həyatındakı rolundan bəhs edən Tağı Əhmədov vurğuladı ki,  AXC-Müsavat iqtidarı dövründə Azərbaycanda mövcud olan mürəkkəb, gərgin vəziyyətdə yaranan YAP-a sədrlik edən Ulu Öndər  xilaskarlıq missiyasını yerinə yetirərək ölkədə demokratik islahatların da əsasını qoydu: 

-Azərbaycan xalqı o vaxt bir daha öz böyüklüyünü, müdrikliyini göstərərək  ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi və 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə  addımlayır. Milli  təfəkkürümüzü formalaşdıran azərbaycançılıq ideologiyası  xalqda özünə inamı gücləndirdi.   Ulu Öndərin qətiyyəti ilə Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından  çıxdı. Dağlıq Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı.

Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmələri doktoru, professor Anar İsgəndərov YAP-ın ölkənin siyasi, iqtisadi həyatındakı  fəaliyyətindən bəhs edərək yerli özünüidarəetmə orqanlarında iqtidar partiyasının namizədlərinin, gənclərin çoxluq təşkil etməsini vətəndaşların ulu öndər Heydər Əliyev ideyalarına  etimadı kimi dəyərləndirdi:

- Yorulmaz fəaliyyəti ilə  bütün sahələr üzrə inkişaf konsepsiyasını müəyyənləşdirən ulu öndər Heydər Əliyevin ideyalarına  sadiq qalan partiya üzvlərinin, tərəfdarlarının birlik və həmrəyliyi ilə Azərbaycan güclü dövlətə çevrildi, respublikamıza rəğbət və dəstək artdı. Təməli Ulu Öndər tərəfindən qoyulan sosial-iqtisadi islahatların uğurlu davamı nəticəsində Azərbaycan dünyanın ən qüdrətli ölkələri ilə eyni sırada dayanır.  Bu  tərəqqiyə, yüksəlişə Prezident, YAP Sədri İlham Əliyevin davam etdirdiyi  siyasət nəticəsində nail olunmuşdur. Son illərdə bütün dünya dövlətlərini narahat edən iqtisadi böhran  dövründə belə,  ölkədə aparılan islahatlar baxımından liderlik qazanan Azərbaycan  qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Təbii ki, bu  uğurlarda  xalqına bağlı, Ulu Öndərin siyasətinə sadiq YAP üzvlərinin xidmətləri və rolu  böyükdür.  Buna görə də  bələdiyyə seçkiləri ilə bağlı keçirilən bütün görüşlərdə mütəşəkkilliklə  iştirak edən seçicilər iqtidar partiyasına  etimad göstərəcəklərini, daha qüdrətli Azərbaycan naminə   səs verəcəklərini bildirirlər.

BDU-nun hüquq fakültəsinin dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Samirə Eyvazova çıxış edərək bildirdi ki, dövlət başçımız, YAP-ın Sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi   çoxşaxəli islahatlar  insanların rifah halının yaxşılaşmasına da təsir edir:

- YAP-ın prezident, parlament, bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə qalib gəlməsi Ulu Öndərin ideyalarına, daim yenilik hissi ilə yaşayan partiyaya ümumxalq məhəbbətinin ifadəsidir. Respublikamızda bu partiyaya rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri partiyada vahid siyasi qüvvə kimi birləşib.  Qazanılan uğurlar yeni nailiyyətlər üçün əlavə stimul yaradır. Xalq-iqtidar vəhdəti  ilə sabitlik  qorunur.  23 dekabrda keçiriləcək  bələdiyyə seçkilərində YAP-ın  namizədlərinə göstəriləcək etimad, eyni zamanda  bu inkişafın davamına  dəstək deməkdir.

Seçicilər bildirdilər ki, son illərdə, xüsusilə cari ilin əvvəlindən başlayaraq həyata keçirilən sosial islahatların, gənclər siyasətinin müsbət nəticələri ölkə vətəndaşlarının rifahını yaxşılaşdırıb. Gənclərin dövlət qulluğuna  irəli çəkilməsi təhsil işçilərinin də qarşısında mühüm vəzifələr qoyur. Buna görə də seçicilər yekdilliklə  YAP-ın namizədlərinə  etimad göstərəcək,  Ulu Öndərin ideyalarına, Prezident İlham Əliyevin xalqa xoşbəxtlik  firavan həyat bəxş edən  siyasətinə səs verəcəyik.

Xuraman İsmayılqızı, “İki sahil”