19 sentyabr 2019 10:33
767

YAP Ağdam və Bərdə rayon təşkilatlarının fəalları ilə görüş - FOTO

Sentyabrın 18-də Bərdə Rayon Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayonlarından olan fəalları ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.

Tədbiri giriş sözü ilə YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışıb. Vurğulayıb ki, hər millətin bir qurtuluş tarixi var və həmin tarixi elə o xalqın sırasından fədakarcasına çıxmış lideri yaradır. Əslində böyük qələbələri güclü dövlətlər yaradır tendensiyasına güvənərək demək olar ki, indi iqtisadi-siyasi inkişafını sosial-mədəni tərəqqiyə çevirərək özünün Avropaya inteqrasiyasını sürətləndirən Azərbaycan dövləti mövcuddur.

Tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Həsənov çıxış edərək bildirdi ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Ümummilli Liderin ölkəyə ən böyük töhfələrindən biri də onun siyasi məktəbində böyük dövlət adamı kimi yetişmiş Prezident İlham Əliyevdir. Cənab Prezident bu gün ölkəmizin inkişafı üçün çox əhəmiyyətli işlər görür. Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlayaraq möhkəmləndirməsi, eyni zamanda, iqtisadi tənəzzüldən, iqtisadi dirçəlişə qədər yol keçməsi Ümummilli Liderin adı ilə bağlıdırsa, Azərbaycanın bu gün regionun lider dövlətinə çevrilməsi isə Prezident İlham Əliyevin qlobal siyasətə, modern dövlət quruculuğuna üstünlük verməsinin nəticəsidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirdi ki, hər bir xalq yalnız o zaman öz intellektual qabiliyyətini, arzu, istək və milli ideyalarını həyata keçirə bilir ki, onun suverenliyinə, ərazi bütövlüyünə, maddi və mənəvi sərvətləri üzərində sahibliyinə, insan hüquqları və azadlıqlarına təminat verən müstəqil, hüquqi, dünyəvi dövləti olsun. Bu, bir həqiqətdir ki, indiki müstəqil, inkişaf edən, qüdrətli Azərbaycan ümummilli lider Heydər Əliyevin millətə ən böyük əmanətidir. Bu ölkəni məhz möhtərəm Prezidentimiz İlham Əliyev çox böyük təhlükələrdən qoruyaraq lider dövlətə çevirib.

Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başsçısı Vidadi İsayev bildirdi ki, geniş siyasi təcrübəsi, həmçinin böyük dövlətçilik vərdişləri olan Ulu Öndər qısa müddətdə ölkədə siyasi sabitlik yaratmaq, əhalinin sosial rifahını yüksəltmək, beynəlxalq əlaqələri bərpa etmək, peşəkar ordu quruculuğu ilə məşğul olmaq kimi ciddi vəzifələrin öhdəsindən ağlı, zəkası və zəngin siyasi təcrübəsi sayəsində gəldi. Xüsusən, milli sərvətimiz olan dövlət müstəqilliyimizin qorunub saxlanması Onun yenilməz iradəsi və qətiyyəti ilə reallaşdı. O, Azərbaycanı dünyaya müstəqil, demokratik, hüquqi dövlət kimi tanıtdı, burada müstəqil dövlətçiliyin əsaslarını, xalqın iradəsini ifadə edən qanunverici, icra və idarəçilik orqanlarını formalaşdırdı. Məhz güclü dövlətçilik bacarığı, siyasətdə qətiyyətlilik nümayişi Onu böyük siyasətçilərin nümunə göstərdiyi və qibtə etdiyi qədər nufuzlu etmişdi.

YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev çıxışında bildirdi ki, Ulu Öndərin ölkəni və xalqı  hətta ümidsiz hesab olunan və heç kəsin gözləmədiyi ən çətin vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı var idi. Bu mənada, Ümummilli Liderin qarşısında həmin böyük zamanı qısaltmaq kimi çox ağır və məsuliyyətli bir vəzifə dururdu. Xalq isə Ulu Öndərə inanırdı. İnanırdı ki, O bu dövrü qısa müddətdə, həm də uğurla keçəcəkdir. Onun dərin düşüncəsi, əqli və zəkası, uzaqgörən siyasəti nəticəsində ölkəmiz qısa müddətdə beynəlxalq təşkilatlara üzv seçildi, Avropaya inteqrasiyası sürətləndi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilərək Xəzər neftinin dünya bazarına çıxarılması böyük dövlət adamı Heydər Əliyevin neft strategiyasının təntənəsidir.

Təbirdə partiya fəalı Rzaqulu Səfərov çıxış edərək dedi ki,  Ümummilli Liderin ölkəyə ən böyük töhfələrindən biri də Onun siyasi məktəbində böyük dövlət adamı kimi yetişmiş Prezident İlham Əliyevdir. Azərbaycan dövlətinin müsəqilliyini qoruyub saxlayaraq möhkəmləndirməsi, eyni zamanda, iqtisadi tənəzzüldən iqtisadi dirçəlişə qədər yol keçməsi Ümummilli Liderin adı ilə bağlıdırsa, Azərbaycanın bu gün dünyada lider ölkəyə çevrilməsi Prezident İlham Əliyevin qlobal siyasətə, modern dövlət quruculuğuna üstünlük verməsinin nəticəsidir.

Tədbirin sonunda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiyanın üzvlük vəsiqələri təqdim olundu.

Elçin Zaman,

“İki sahil”