25 fevral 2020 10:10
1466

YAP Binəqədi rayon təşkilatının 2019-cu ildəki fəaliyyəti müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının 2019-cu ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.

Əvvəlcə  YAP Binəqədi  rayon təşkilatının ötənilki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə geniş hesabat məruzəsi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Azərbaycan Prezidenti, YAP Sədri  İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2019-cu ildə həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib. Bildirib ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri daha da möhkəmlənib, ölkəmizin gələcək inkişafına və əhalinin rifahının daha da yüksəldilməsinə hədəflənmiş mühüm işlər görülüb.

R.Göyüşov daha sonra rayon təşkilatı tərəfindən görülən işlərdən, keçirilən çoxsaylı tədbirlərdən danışıb. Partiya üzvləri və ilk partiya təşkilatları ilə əlaqələrin daha sıx qurulması istiqamətində görüşlərin keçirildiyini vurğulayıb. Partiyaya üzvlükdə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verildiyini və ötən il üzvlərin sayının 415 nəfər artaraq 15944 nəfərə çatdığını qeyd edib. Hesabat dövründə ölkəmizdə keçirilən V çağırış bələdiyyə seçkilərində YAP-ın möhtəşəm qələbəsindən bəhs edib. Həmçinin növbədənkənar parlament seçkiləri ilə bağlı rayon təşkilatı tərəfindən təsdiq edilmiş Fəaliyyət Planına diqqət yönəldib. R.Göyüşov hesabat məruzəsindən sonra 2020-ci ilin I yarımilliyi ərzində görüləcək işlərlə bağlı məlumat verib.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov partiyanın tarixi keçmişi və bugünkü uğurları haqqında danışıb. E.İbrahimov YAP-ın yarandığı gündən dövlətimizin və xalqımızın maraqlarını, ulu öndər  Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq çoxsaylı uğurlara imza atdığını bildirib. Xalq-iqtidar həmrəyliyinin hər ötən gün daha da möhkəmləndiyi diqqətə çatdırılıb. E.İbrahimov YAP Binəqədi rayon təşkilatının hesabat məruzəsi ətrafında fikirlərini bölüşərək qurumun kifayət qədər məhsuldar və səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında ölkəmizdə bütün sahələrdə uğurlara və irəliləyişlərə nail olunduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan demokratiya yolunda uğurla irəliləyir, hakimiyyətin bütün qollarında yeniləşmə, müasirləşmə, kadr islahatları uğurla reallaşdırılır. 

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Anar Əliyev uğurlu gənclər siyasətindən, gənclərə göstərilən etimaddan, rayon təşkilatının Gənclər Birliyi tərəfindən görülən işlərdən, Binəqədi rayonundakı 306 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, YAP fəalı Gültəkin Ədilova isə təhsilin inkişafına dövlət qayğısından, bələdiyyə və Milli Məclisə seçkilərdə YAP-ın qələbəsindən danışıblar.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Binəqədi rayon təşkilatı İdarə Heyətinin üzvü İlqar Süleymanov çıxış edərək ölkəmizdəki ictimai-siyasi sabitlikdən və görülən işlərdən danışıb. Həmçinin rayon İcra Hakimiyyəti ilə YAP Binəqədi rayon təşkilatının birgə keçirdikləri tədbirlərdən bəhs edib.

Sonda YAP Binəqədi rayon təşkilatının fəaliyyətində fəal iştirak edən bir qrup partiya fəalı Fəxri Fərmanla təltif edilib, partiya sıralarına qəbul olunan yeni üzvlərə  üzvlük vəsiqələri təqdim edilib.

Zahid Rza, “İki sahil”