18 sentyabr 2019 10:57
712

YAP Cəbrayıl rayon təşkilatında müşavirə - FOTO

Sentyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədrləri ilə müşavirə keçirilib.

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkəmizin dinamik iqtisadi inkişafı sosial sahənin də yüksəlməsinə səbəb olub. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini də gücləndirmək üçün möhkəm zəmin yaradıb. Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib.

A.Fərzəliyev qeyd edib ki, son illər Azərbaycan iqtisadiyyatının bir neçə dəfə artması dövlətin sosial siyasətinin daha da güclənməsinə zəmin yaradıb.

Prezident İlham Əliyevin iyunun 18-də minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzalaması  bunun əyani sübutudur.

A.Fərzəliyev, həmçinin bu il ölkəmizdə keçiriləcək bələdiyyə  seçkilərinə hazırlıqlardan bəhs edərək YAP-ın bu seçkilərdə də uğur qazanacağına əminliyini bildirib.

O həmçinin bildirib ki, bu gün Azərbaycanın inkişafını və güclənməsini istəməyən qüvvələrin, anti-Azərbaycan dairələrin ən çirkin vasitələrlə ölkəmizə qarşı apardıqları qarayaxma kampaniyası iflasa uğrayacaq. Vurğulanıb ki, bu gün Azərbaycan əleyhdarlarının maşası olan mühacir müxalifətin və daxildəki radikal müxalifətin sosial şəbəkələrdəki antimilli çıxışları cəmiyyətimiz tərəfindən qəzəb və nifrət hissi ilə qarşılanır.

Tədbirdə ərazi ilk partiya təşkilatı sədrlərindən Zahid Hüseynov, Nəriman Əsədov, Mehman Mahmudov çıxış edərək qarşıya qoyulan vəzifələrdən danışıblar.

Sonda ərazi ilk partiya təşkilatları sədrlərinə cari işlərin daha səmərəli görülməsi üçün tövsiyələr verilib.

Zahid Rza,

“İki sahil”