05 avqust 2020 19:23
968

YAP Daşkəsən rayon təşkilatının fəallarından ibarət dəstək qrupları yaradılıb

Avqustun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının yeni binasının iclas zalında müşavirə keçirilib.

Müşavirədə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, partiyanın rayon təşkilatının İdarə Heyətinin üzvləri və fəalları iştirak ediblər.

Müşavirənin məqsədi YAP-ın Sədri, Prezident İlham Əliyevə və milli ordumuza dəstək qruplarının yaradılması olub. Tədbirin gedişində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev müşavirədə giriş sözü ilə çıxış edərək vurğulayıb ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün ölkənin bütün rayonlarında olduğu kimi, Daşkəsən də özünün inkişaf dövrünü yaşayır: “Belə uğurlarla yanaşı, çox təəssüf ki, ölkədəki inkişafa, sabitliyə məkrli niyyətləri ilə maneçilik törədib iqtidara qarşı təxribat yönümlü şayiələr yaymaqla qarşıdurma yaratmaq istəyən bəzi ünsürlər vardır. Belə şərəfsiz hərəkətlər edənlərə qarşı YAP fəalları və rayon ictimaiyyəti barışmaz mübarizə aparmalıdırlar. Daşkəsən rayonunun cəbhə bölgəsinə yaxın ərazilərində təhlükəsizliyin, asayişin qorunması xüsusilə diqqət mərkəzində saxlanılmalı, rayon ərazisində qanunazidd hərəkətlərə yol verilməməlidir.”

Ə.Abıyev qeyd edib ki, daşkəsənlilər hər zaman ulu öndər Heydər Əliyevin ideyalarına və Ümummilli Liderin yolunu bu gün yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevin siyasətinə sonsuz inam, sədaqət nümayiş etdirirlər: “Daşkəsənlilər cənab Prezident İlham Əliyevin koronavirus pandemiyasının dünyanı cənginə aldığı bugünkü ağır şəraitdə də ölkəmizin inkişafı naminə bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı uğurlu siyasət və hücum diplomatiyasını hamılıqla dəstəkləyir.”

Daha sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək partiyanın Mərkəzi Aparatından verilən tapşırıqların icrası ilə bağlı təşkilati məsələləri diqqətə çatdırıb. Bildirib ki, cənab Prezident İlham Əliyevin siyasətinə və milli ordumuza dəstəklə bağlı Daşkəsən rayonunun bütün yaşayış məntəqələrindən olan YAP-ın fəallarından ibarət qruplar təşkil edilib, gündəlik görüləcək işlər təhlil ediləcəkdir.

Cavid Əkbərov, “İki sahil”