18 noyabr 2019 20:16
994

YAP - dünənin, bu günün və gələcəyin partiyası

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq YAP-ın yaradılmasının 27 illiyi münasibəti ilə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” devizi altında “Dəfinə”  liseyi, 1 nömrəli orta məktəb, Viləş-çay su dəryaçası və Təzə Alvadı ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirib. 

Tədbirlərdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yarandığı zaman ölkədəki çətin şəraitdən geniş söhbət açıb: “Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayətlər törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidarda olanlar ancaq öz şəxsi niyyətlərinə, şəxsi arzularına xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ölkə ziyalıları mətbuat vasitəsilə Dahi Liderə  müraciət ünvanladılar. 21 noyabr 1992-ci ildə Naxçıvanda YAP-ın təsis konfransı keçirildi və ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi”.

Sonra çıxış edənlərdən Mirqabil Hüseynov, Mahir Əliyev, Saleh Məmmədov, Taleh Əkbərov və başqaları diqqəti daha çox ölkəmizin əldə etdiyi uğurlara, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərə çəkiblər. Bildiriblər ki, bu uğurların əsasında dövlətimizin qurucusu və memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin yorulmaz əməyi, qətiyyəti dayanır.

Taleh Bağırov, “İki sahil”