19 aprel 2019 19:14
1187

YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirilib - FOTO

Bu ilin aprelin 26-28-də Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən partiyanın Bakı, Sumqayıt şəhər və Abşeron rayon təşkilatlarının gənclər birlikləri arasında “YAP GB K-2019” adlı kartinq yarışı keçirilib. 

Tədbirin açılışında  çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki,   Bakıda keçiriləcək “Formula 1” yarışı dünyada populyar idman tədbirlərindən biridir. Onun sözlərinə görə, bu nüfuzlu beynəlxalq idman yarışına dünyada maraq ildən ilə artır. Bakı şəhərinin bir neçə ildir ki, “Formula 1” Avropa Qran-prisinə ev sahibliyi etdiyini deyən S.Orucov deyib ki, bunun ciddi əsasları var. “Formula 1” yarışlarının keçirilməsi üçün müəyyən şərtlər var. Azərbaycan da bu şərtlərə tam cavab verir. Bu da ondan ibarətdir ki, mötəbər idman tədbirinin keçiriləcəyi ölkədə ictimai-siyasi sabitlik olmalı, eləcə də lazımi idman standartlarına cavab verməlidir. Bilirsiniz ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan  sosial-iqtisadi cəhətdən dinamik inkişaf etməklə yanaşı, dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə bütün idman strukurları mövcuddur və beynəlxlaq standartlara tam cavab verir”-deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

S.Orucov YAP Gənclər Birliyi tərəfindən təşkil edilmiş bu kartinq yarışının da  Bakıda keçiriləcək “Formula 1” yarışına dəstək xarakteri daşıdığını diqqətə çatdırıb.

Daha sonra püşkatma keçirilib və komandalar 3 qrupda mübarizə aparıblar.

Maraqlı mübarizə şəraitində  keçən yarışda birinciliyi YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin komandası qazanıb. YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin komandası 2-ci yeri, YAP Nəsimi və Xəzər rayon təşkilatı gənclər birliklərinin komandaları isə üçüncü yeri bölüşüblər.

Qaliblər kubok və diplomlarla təltif olunublar.