25 sentyabr 2020 17:20
759

YAP Hacıqabul rayon təşkilatı videokonfrans keçirib FOTO

Hafis Bəşirov: Prezident İlham Əliyev mötəbər tribunadan erməni nasizmini bir daha ifşa etdi

 

YAP Hacıqabul rayon təşkilatı sentyabrın 25-də ilk partiya təşkilat sədrləri ilə onlayn videokonfrans keçirib.

Konfransın əsas mövzusu Prezident İlham Əliyevin «Abşeron» yatağının təməlqoyma mərasimində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsi və BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasdakı çıxışının yerlərdə müzakirəsi və təbliği olub.

YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov konfransa qatılanları ətraflı məlumatlandıraraq bildirib ki, cənab Prezident bu həftə BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda da Ermənistanın işğalçılıq siyasətini, təxribatçı əməllərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. İclasdakı çıxışında ölkəmizin başçısı qəti mövqeyini belə ifadə etdi ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, ərazi bütövlüyümüz bərpa olunmalı və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar.

H. Bəşirov vurğulayıb ki, möhtərəm Prezidentimiz İlham Əliyev bu mötəbər tribunadan bir daha Paşinyan hakimiyyətinin iç üzünü ifşa edərək Ermənistanın Azərbaycana qarşı yeni müharibə və təxribatlar hazırladığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Prezident İlham Əliyevin də çıxışlarında bildirdiyi ki, Ermənistan ölkəmizə qarşı işğal siyasəti, təxribatlar və yeni müharibə hazırlıqları ilə kifayətlənmir. Bu gün eyni zamanda, Ermənistanın rəsmi ideologiyasında «Azərbaycanofobiya» siyasəti hökm sürür, gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Hətta bununla bağlı Ermənistanda orta məktəb dərslikləri və müəllimlər üçün əyani vəsaitlərin hazırlanıb tədris müəssisələrində yayılması həyata keçirilir.

H. Bəşirov videokonfransda bildirib ki, ölkəmizin başçısının qətiyyətlə ifadə etdiyi kimi, Ermənistan unutmamalıdır ki, Azərbaycan bir qarış da torpağının erməni işğalı altında qalmasına razı olmayacaq.

Elçin Zaman, «İki sahil»