10 dekabr 2019 11:44
815

YAP hər zaman xalqa xidmət prinsipini prioritet sayıb - FOTO

23 dekabr bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Ağdaş rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Seçicilərlə növbəti görüşlər rayonun Ləki qəsəbəsi və Hapıtlı kəndində keçirilib.

Görüşləri  Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının aparat rəhbəri İsa Eminov açaraq qarşıdan gələn bələdiyyə seçkilərindən, bu seçkilərlə əlaqədar indiyə qədər görülən işlərdən danışıb. Dövlətimizin yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə olan yüksək diqqət və qayğısından, eləcə də gələcəkdə bələdiyyələrin qarşısında duran vəzifələrdən bəhs edən İsa Eminov son illərdə ölkəmizdə, eləcə də Ağdaşda gedən sürətli tikinti-quruculuq işlərinin, həyata keçirilən irimiqyaslı layihələrin məhz Yeni Azəbaycan Partiyasının və onun Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin adı ilə bağlı olduğunu və bütün bunların hər bir vətəndaşın gözü qabağında baş verdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. İ.Eminov “Xalq üçün” devizi ilə təbliğat-təşviqat kampaniyasına uğurla başlayan Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərin xalqımız tərəfindən yekdil dəstək alacağına inandığını bildirərək seçiciləri Yeni Azərbaycan Partiyasının Seçki proqramı ilə tanış edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsinin üzvü Müzəffər Abdullayev bildirib ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən layiqli namizədlər irəli sürülüb. Ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən ağdaşlılar əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seşkilərində də yüksək mütəşəkkilliklə iştirak edəcəklər.

Görüşlərdə seçicilər adından çıxış edən Ləki qəsəbə sakini Aidə Yaqubova və Aşağı Ləki kənd sakini Vacib Həsənov  bildiriblər ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet sayıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və ölkəmizin inkişafını özündə ehtiva edən siyasi kurs hər zaman vətəndaşların rifahını, yaşayış səviyyəsinin yüksəlməsini və rahatlığını təmin edib. Zəngin seçki təcrübəsinə malik olan rayonda bütün seçki proseslərində hər zaman yüksək seçici fəallığı nümayiş olunduğunu deyən natiqlər vurğulayıblar ki, bələdiyyə seçkisində də fəal iştirak edəcək, ölkəmizin inkişafının davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.

Orxan Vahidoğlu, “İki sahil”