15 oktyabr 2019 20:04
1664

YAP Milli Aviasiya Akademiyası ərazi ilk partiya təşkilatının üzvləri ilə görüş keçirildi

Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatı Milli Aviasiya Akademiyasında partiya fəalları ilə görüş keçirdi

Tədbirdə YAP Milli Aviasiya Akademiyası ərazi ilk partiya təşkilatının sədri, professor Ənvər Həzərxanov çıxış edərək bildirdi ki,  Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 16 il ərzində Azərbaycan olduqca mühüm nailiyyətlər əldə edib. İstər daxili, istərsə də xarici arenada strateji uğurlar qazanılıb. Prezident İlham Əliyev dövlət başçısı kimi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Möhtərəm Prezidentimizin diplomatiyada və dövlət idarəçiliyindəki zəngin təcrübəsinin, eləcə də şəxsi nüfuzu və xarizmasının nəticəsidir ki, ölkəmizə beynəlxalq ictimaiyyət tərəfindən çox böyük hörmət var. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır.

Görüşdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildirdi ki, 2025-ci ilədək Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxsın. 2016-cı ildə cənab Prezidentin Sərəncamı ilə Azərbaycan Milli İqtisadiyyatının İnkişafına dair 11 istiqamət üzrə Strateji Yol Xəritəsi qəbul edilib. Strateji Yol xəritələrində məqsədlərdən biri 2025-ci ildə minimum əmək haqlarının orta aylıq əməkhaqqlarının 60 faizinə çatdırmaqdır. Bu da inkişaf etmiş ölkələrin göstəricilərindən biridir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi regionda və daha geniş coğrafiyada sabitləşdirici rol oynayır, ölkəmizin moderatorluğu ilə reallaşdırılan geostrateji əhəmiyyətli layihələr regional və qlobal təhlükəsizliyə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə əhəmiyyətli töhfədir. Bununla yanaşı, Azərbaycan dünyada sabitlik adası kimi tanınır, ölkəmizdə etibarlı təhlükəsizlik mühiti hökm sürür. Ona görə də paytaxt Bakı bir çox tədbirlər, görüşlər üçün məkan kimi seçilir.

Milli Məclisin deputatı Rauf Əliyev bildirdi ki, son 16 ildə müstəqil Azərbaycanın həyatı bütün istiqamətlərdə müsbət reallıqların artması ilə səciyyələnib.. Hazırda Azərbaycan Cənubi Qafqaz coğrafiyasının bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyır. Eyni zamanda, respublikamızın ölkənin güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Şübhəsiz, son illərdə əldə edilən bütün bu nailiyyətlərin əsasında Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik daxili və xarici siyasət kursu dayanır.

Tədbirdə çıxış edən digər iştirakçılar qeyd etdilər ki, Ulu Öndərin daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezidentimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Tədbirin sonunda Milli Aviasiya Akademiyası ərazi ilk partiya təşkilatının xüsusi fəallıqları ilə seçilən bir qrup üzvlərinə YAP Xəzər rayon təşkilatı tərəfindən Fəxri fərmanlar təqdim olundu.

Şəmsiyyə Əliqızı, “İki sahil”