22 aprel 2019 17:19
874

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

Aprelin 22-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə həsr olunan fotoslayd təqdim edilib.

Partiyanın rayon təşkilatının 102 ilk ərazi təşkilatından seçilmiş 150 nümayəndənin iştirakı ilə keçirilən konfransda Gənclər Birliyinin sədr əvəzi Söhrab Həşimov ötən konfransdan keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış edib. O, hesabat dövründə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat verib. Qeyd olunub ki, gənclərin təhsillərini xaricdə davam etdirmələri, ayrı-ayrı ölkələrdə həyata keçirilən təhsil layihələrində, konfranslarda, seminarlarda iştirakları üçün yaradılan imkanlardan YAP Nəsimi rayon təşkilatının üzvü olan gənclər də faydalanıblar.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin 45 nəfərdən ibarət Şurası, 16 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri seçilib.

Səsvermə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin departament direktorunun müavini Salman Salmanov Gənclər Birliyinin sədri seçilib.

Konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı reallaşdırılan layihələr, dövlət proqramları barədə söhbət açıblar. Qeyd olunub ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müasir Azərbaycan gəncinin inkişafı, yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Daha sonra Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Ziyafət Əsgərov çıxış edib. O bildirib ki, Azərbaycanın getdiyi yol alternativsiz yoldur. Bu, Heydər Əliyev yoludur. Müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilədək ölkəmizdə dövlət quruculuğu sahəsində heç bir addım atılmadı. Məhz 1993-cü ildən - ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində işlər görülməyə başlandı. Ulu Öndər hər zaman deyirdi ki, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox-çox çətin və məsuliyyətlidir. Bax budur Heydər Əliyev fenomeni. Heydər Əliyev siyasi kursunun mənası odur ki, bu yol ancaq quruculuq yoludur, inkişaf yoludur. Hazırda bu yolu Ulu Öndərimizin layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün hər bir Azərbaycan gənci bilməlidir ki, müstəqil dövlətimizin qorunub saxlanılmasında kimdənsə kömək gözləməməliyik, köməyi ancaq özümüz özümüzə etməliyik. Gənclərin üzərinə düşən vəzifə, ilk növbədə, bilikli, savadlı olmaq, ölkəmizin gələcəyi naminə çalışmaq, bu istiqamətdə fəallıq nümayiş etdirməkdir.

Çıxış edən gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.

Sonra konfransın qətnaməsi və iştirakçıların Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul edilib.