17 may 2019 14:48
322

YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Gənclər Birliyinin 5-ci konfransı keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda rayon rəhbərliyi, Milli Məclisin deputatları Sona Əliyeva və Kamran Bayramov da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Şəmkir şəhərinin mərkəzində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə iştirakçılar YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin gördüyü işləri əks etdirən videoçarxı izləyiblər.

Konfransda çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, ölkəmizdə dövlətimizin başçısının rəhbərliyi ilə uğurlu iqtisadi islahatlar həyata keçirilir, dinamik inkişaf qeydə alınır. Yaradıcısı və qurucusu ümummilli lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası daim dövlətçilik ənənələrinə sadiq olub, dövlət quruculuğuna öz töhfələrini verib. Ümummilli Liderin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Sonra tədbirdə YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri Emin İsmayılovun hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.

Daha sonra təşkilati məsələlərə baxılıb.

YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Şura üzvləri, İdarə Heyəti və YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələri seçilib.

Emin İsmayılov yenidən YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin sədri, Aysel Vəlizadə və Elgün Seyidov sədrin müavinləri seçiliblər.

Konfransda Şəmkir rayon rəhbərliyi, Milli Məclisin deputatları Sona Əliyeva və Kamran Bayramov çıxış edərək, YAP Şəmkir rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş üzvlərini təbrik ediblər.

Çıxışlarda Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.

Konfransda partiya sıralarında səmərəli fəaliyyətlərinə görə bir qrup gəncə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.