06 dekabr 2019 20:32
908

Yaponiya KİV-ləri: Yaraqlılar yapon həkimi qəsdən öldürüblər

Əfqanıstan polisinin yaydığı məlumata görə, dekabrın 4-də yaraqlılar tanınmış yapon həkim Tetsu Nakamuranı qəsdən öldürüblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya KİV-lərinin dekabrın 6-da yaydığı məlumatlarda bildirilir. Qeyd edilir ki, həkimin bədənindəki güllə yerləri onun qəsdən öldürüldüyünü deməyə əsas verir.

Xəbər verdiyimiz kimi, Tetsu Nakamura Əfqanıstanın Nanqarhar əyalətində yerləşən Cəlalabad şəhərində avtomobildə güllələnib. Onunla birlikdə avtomobildə olan daha beş nəfər, o cümlədən sürücü və həkimin mühafizəçiləri də qətlə yetiriliblər.

Şahidin ifadəsinə görə, yapon avtomobilində olan insanlar əvvəlcə T.Nakamuranın olduğu maşının qarşısını kəsiblər. Sonra onlardan bir neçəsi avtomobildən düşərək atəş açıblar.

Polisin bildirdiyinə görə, yaraqlılar avtomobildə əyləşən T.Nakamuraya yaxınlaşaraq, təxminən 10 metr məsafədən avtomat silahlardan ona atəş açıblar. Həmin güllələrdən ikisi T.Nakamuraya dəyib.

Yapon həkimin cəsədi Kabildəki hospitallardan birinə yerləşdirilib. Onun qohumları və Fukuoka prefekturasından olan humanitar yardım qrupunun üzvləri həm də xeyriyyəçi kimi tanınmış T.Nakamuranın cəsədini Yaponiyaya gətirmək üçün Əfqanıstana yollanıblar.