28 iyun 2020 10:28
315

Yaponiya ABŞ-ın təklifinə etiraz edir

Yaponiya ABŞ tərəfinin Koreya Respublikasının G7 sammitinə dəvət olunması barədə təklifinə etirazını bildirib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya bunu Seul ilə iştirakçı ölkələr arasında mövcud fikir ayrılıqları ilə əsaslandırıb. Bildirilir ki, Vaşinqtona bu barədə etiraz ABŞ Prezidenti Donald Trampın G7 formatının köhnəlməsi və Koreya Respublikası da daxil olmaqla bir neçə ölkəni həmin sammitə dəvət etməsindən dərhal sonra bildirilib. Buna əsas kimi, Koreya Respublikası Prezidentinin “Çin yönümlü siyasəti”, həmçinin “Böyük yeddiliklə” bu ölkə arasında KXDR-ə münasibətdə fikir ayrılıqlarının olması göstərilib.

Xatırladaq ki, mayın 30-da Ağ evin mətbuat xidməti Donald Trampın G7 sammitinin iyunun sonundan sentyabra keçirilməsi və buraya Avstraliya, Rusiya, Koreya Respublikası və Hindistanı dəvət etmək planı barədə məlumat yayıb. Böyük Britaniya və Kanada G7-nin genişləndirilməsinin əleyhinə olduqlarını dərhal bildirsələr də, Koreya Respublikası və Avstraliya ABŞ liderinin dəvətini artıq qəbul etdiklərini bəyan ediblər.