06 aprel 2020 11:10
814

Yaponiyada Baş Nazirin evinə soxulmağa çalışan qadın həbs olunub

Yaponiyada Baş Nazir Şinzo Abenin evinə soxulmağa çalışan naməlum qadın həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 6-da Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa mətbuat konfransı zamanı bildirib.

Baş katib əlavə edib ki, ölkədə vacib şəxslərin təhlükəsizliyinin təmin olunması üçün lazım olan bütün tədbirlər görüləcək. Y.Suqa hadisənin təfərrüatları barədə məlumat verməyib.

Kyodo agentliyinin yaydığı məlumata görə isə hadisə aprelin 4-də Tokio vaxtı ilə axşam saatlarında baş verib. Bildirilir ki, Baş Nazirin paytaxtın Tomiqaya rayonunda yerləşən şəxsi evinin bağına girən qadın mühafizəçilər tərəfindən saxlanılıb. Polisin verdiyi məlumata görə, həmin qadın Mie prefekturasının Matsusaka şəhərinin sakinidir. Həmin vaxt Baş Nazirin evdə olduğu da qeyd edilir.