06 avqust 2020 10:23
881

Yaponiyada əhalinin sayı görünməmiş sürətlə azalır

Yaponiyada əhalinin sayı 11 ildir ki, fasiləsiz olaraq azalmaqda davam edir. Son altı ildə isə bu rəqəm rekord səviyyəyə çatması ilə diqqəti cəlb edir.

Bu barədə Yaponiya Milli İşlər Nazirliyinin Rezidentlərin Əsas Reyestr bazasına əsasən hazırladığı əhali məlumatları barədə hesabatda bildirilir.

Qeyd edilir ki, cari il yanvarın 1-nə olan məlumata görə ölkədə yaşayan yaponların sayı təqribən 124 milyon 271 min nəfər təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə təqribən 505 min nəfər azdır. Bildirilir ki, həmçinin bu, həmin statistikanın aparılmağa başladığı 1968-ci ildən bəri ən yuxarı göstəricidir.

Qeyd edək ki, Yaponiyada əhalinin sayı 2009-cu ildə ən yüksək həddə çatıb.

Sənəddə ötən il ölkədə 866 min 900 körpənin doğulduğu da qeyd edilir. Vurğulanır ki, bu da öz növbəsində həmin statistikanın aparılmasına başladıqdan sonra ən aşağı rəqəmdir.

Hesabat dövründə ölkədə ölüm sayının da rekord miqdarda - 1 milyon 37 min nəfər olduğu qeyd edilir. //AZƏRTAC