31 yanvar 2019 16:31
255

Yaponiyada ənənəvi qar fiqurları festivalı başlayıb

Yaponiyanın Sapporo şəhərində 70-ci yubiley “Yuki matsuri” - qar fiqurları festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, ənənəyə görə festivalın ilk günlərində iştirakçılar yalnız şəhərin kənarında yerləşən Tsudome meydanını ziyarət edə bilərlər. Burada əsasən, uşaqların xizəklə sürüşməsi üçün bir neçə təpə düzəldilib. Onlardan ən böyüyünün hündürlüyü 100 metrə çatır. Festivalın qonaqları burada müxtəlif qış əyləncələrindən istifadə edə bilərlər. Eyni zamanda, onlar daha dəqiq qartopu atışı, buzdan boşqab düzəltmə, içərisinə hava vurulmuş qayıqlarda sürüşmə və hətta qar üzərində qolf yarışlarına qatıla bilərlər. Burada yerli sakinlərin düzəltdiyi qar fiqurlarının müsabiqəsi də keçirilir.

“Yuki matsuri” festivalının əsas hissəsi fevralın 4-də Sapporonun mərkəzində yerləşən Odori parkında başlanacaq. Cari ildə həmin parkda qardan düzəldilən 100 nəhəng və məşhur abidənin nümayiş etdirilməsi planlaşdırılır. Müsabiqə proqramının əsas mükafatı uğrunda doqquz komandanın mübarizə aparacağı bildirilir. Onların sırasında Çin, Koreya Respublikası, Finlandiya, Havay adaları, İndoneziya, Makao, Polşa, Sinqapur və Tailand komandaları yer alıb.