12 iyun 2019 11:11
357

Yaponların sevimli qaşığı... “Xasi”

İlk çubuq təxminən 3000 il əvvəl yaranıb. Bunu çinlilər fikirləşib. Taxta çubuqlar bambuqdan hazırlanırdı və kəlbətinə oxşayırdı. Əvvəlcə onlar yemək hazırlanmasında rahatlıq üçün nəzərdə tutulmuşdu. Taxta kəlbətinlərlə yeməyi çevirmək çox rahat idi. Onların köməyi ilə isti yeməkləri çevirən aşpazın əllərini yandırmaq ehtimalı da azalırdı. Çubuqların uzunluğu 38 sm idi, qida qəbulu üçün onlar 25 sm-ə qədər kiçildi. Tezliklə bu ənənəni digər xalqlar, o cümlədən yaponlar da mənimsədi. Yaponiyada onlar “xasi” adını alıb.

Quru yeməkləri taxta çubuqla yemək asandır. Tikəni iki taxtanın arasına qoyursan və udursan. Bəs yapon xalqı duru yeməkləri necə yeyir? Bəlkə yaponlar ümumiyyətlə, sup xörəkləri yemir? Yeyirlər, ancaq özünəməxsus şəkildə. Birinci quru yeməklər verilir, onlar quru tikələri supa batırıb çeynəyirlər, daha sonra isə bulyonu içirlər.

Yaponlar deyirlər ki, qaşıq və çəngəllərlə bundan sonra da istifadə etmək niyyətində deyillər. Çünki onlar ağzına dəmir əşyalar salmaq istəmir. Taxta çubuq isə daha təbiidir. Yeri gəlmişkən, bizim ulu babalarımız da taxta qaşıqlardan istifadə ediblər.

Ənənəyə görə xasi ağacdan düzəldilir, material kimi bambuk, sərv, ağcaqayın, gavalı istifadə edilir. Xasi dəyirmi və ya kvadrat kəsimli ola bilər. Onları bəzən lak və sədəflə bəzəyirlər. Gözəl hədiyyə kimi bəzədilmiş xasi təqdim etmək ayıb deyil. Yeni evlənənlər belə hədiyyəni minnətdarlıqla qəbul edirlər. Onlarda bu ayrılmazlıq və birlik rəmzidir. Ənənəyə əsasən, çubuq şəxsi əşya sayılır, onu istifadə üçün başqa birinə vermək qəbul edilməyib. Bu məqsədlər üçün bircə dəfə istifadə edilən xasilər var. Xasilər xüsusi altlıqlarda saxlanılır.

Yaponlar təkcə bir il ərzində 30 milyarddan çox çubuq istehsal edir. Çində və Rusiyada da xasini ağacdan alırlar.

Yaponlar hesab edir ki, çubuqlar xüsusilə güclü iştahı olan insanlara lazımdır. Çünki qaşıqla yemək daha rahatdır, taxta çubuqla bir tikəni tutmağa çalışana qədər ağızda olan yeməyi daha çox və diqqətlə çeynəməyi çatdırmaq mümkün olacaq. Yəni ağızda olan qida iri-iri udulmayacaq. Yeməyə başlayandan 15-20 dəqiqə sonra toxluq hissi gəlir və orqanizm artıq qida tələb etmir. Bundan başqa, mədə çox çeynənmiş qidanı daha yaxşı həzm edir.